SOCAR-ın daha bir bazası istismara verilib

SOCAR-ın daha bir bazası istismara verilib
# 17 sentyabr 2015 11:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Neftçilər günü” ərəfəsində, bu gün SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyi nümayəndələrinin iştirakı ilə “Neftqazelmitədqiqatlayihə” institutunun Eksperimental-təcrübə-sınaq işləri bazasının təntənəli açılış mərasimi keçirilib.

APA-Economics”in məlumatına görə, Bakının Suraxanı rayonu ərazisində tikilmiş bazaya baxış keçirən SOCAR prezidenti burada yaradılmış iş şəraiti və quraşdırılmış yeni müasir avadanlıqlarla tanış olub.

SOCAR prezidentinə məlumat verilib ki, İnstitutda işlənmiş müxtəlif təyinatlı reagent və quyu avadanlıqlarının hazırlanması məqsədi ilə yaradılmış baza 2,1 hektar ərazini əhatə edir. Burada reagent istehsalı sexi və istehsalat sahəsi fəaliyyət göstərir. Baza ümumilikdə ofis binası, qazanxana, hasilat zamanı tələb olunan müxtəlif reagent və inhibitorların istehsalı üçün qurğu, xammal və hazır məhsulun saxlanılması üçün anbar, quyuların mənimsənilməsi və təmirində istifadə edilən müxtəlif təyinatlı alətlər istehsal edən qapalı sahədən ibarətdir.

Bildirilib ki, bazanın istehsalat sahəsində yeni konstruksiyalı elektrik dalma nasoslarının, şırnaqlı nasosların, qazmadan qurtarmış, eləcə də yan lülə ilə qazılmış quyular üçün quma qarşı qapalı tipli süzgəclərin, istismarda olan güclü qum təzahürlü quyular üçün quyu dibində oturdulan açıq tipli süzgəc kompleksinin, quyuların dəniz şəraitində ləğvini aparmaq üçün avadanlıqlarının, qum tıxacı ilə tutulmuş quyuların təmizlənməsi üçün tıxac təmizləyici qurğuların, müxtəlif təyinatlı pakerlərin , quyuların əsaslı və yeraltı təmiri zamanı istifadə edilən daxili, xarici və universal borututanların, istismar kəmərində hermetikliyin bərpası üçün avadanlıq kompleksinin, yan lülə ilə qazmada hermetikliyin təminatı üçün yaradılmış avadanlıqların və yönəldicilərin, daxili borukəsənlərin, xarici konik və həlqəvi, eləcə də quyudibi frezerlərin və digər quyu üstü və quyudaxili avadanlıqların hazırlanması nəzərdə tutulur. Bu işlərin həyata keçirələcəyi istehsal sahəsində pəstahların kəsilməsi üçün Almaniya istehsalı olan metalkəsən, proqram təminatı ilə işləyən universal frezləmə, vintkəsən torna və eroziya dəzgahları quraşdırılıb.

Sahədə süzgəclərin və əsaslı təmir avadanlıqlarının hazırlanması məqsədilə qaynaq sahələri, istehsal ediləcək quyudaxili avadanlıqların ilkin sınaqlarının aparılması üçün sınaq stendi yaradılıb. Reagent istehsalı sexi avtomatlaşdırılmış idarəetmə sisteminə qoşulmuş müxtəlif çeşidli reagentlər hazırlayan 9 bölmədən və acıq tipli anbardan ibarətdir. Bu bölmələrdə institutun elmi-tədqiqat laboratoriyalarında işlənmiş və patentləşdirilmiş müxtəlif çeşidli reagentlər - neft-su emulsiyalarını parcalamaq üçün ND-I , ND-II deemulqatorları, duz çökmə inhibitorları, “Neftqaz-2013” korroziya inhibitoru, “Neftqaz-2014” və “KƏB-2014” bakterisid-inhibitorları, “KQÇİ-2014” çoxfunksiyalı korroziya inhibitoru, karbonatlı ağırlaşdırıcılar, qazma məhlullarının özlülüyünü azaltmaq üçün TR-5 və Abşeron-2T reagentləri, nanotərkibli qazma məhlulları, asfalt-qətran-parafin (AQPÇ) çöküntülərinə qarşı ND-NDP-I inhibitorları istehsal olunacaq. Sexdə xammal və istehsal olunmuş məhsulun saxlanılması üçün 200 kubmetr həcmində xüsusi tutum mövcuddur. Sexin gündəlik istehsal və qablaşdırılma gücü 30 tona bərabərdir. Tələbata uyğun olaraq istehsal gücünün artırılması mümkündür.

Eksperimental-təcrübə-sınaq işləri bazasında SOCAR-ın qazma, hasilat və emal müəssisələrində ehtiyac duyulan müxtəlif çeşidli məhsulların istehsal olunması nəzərdə tutulub.

R. Abdullayev Eksperimental-təcrübə-sınaq işləri bazasında yaradılmış şəraitlə tanış olub. O, neft-qaz sənayesinin inkişafı üçün yeni qurğu və obyektlərin tikilib istismara verilməsi istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.

Sonra bazanın ofis binasında toplantı keçirilib. İclasda “Neftqazelmitədqiqatlayihə” institutunun elektron bazası və layihəçi mühəndislərin hazırlanması haqqında təqdimat olub. SOCAR prezidenti bazanın səmərəli istismarı ilə bağlı tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR