Pentaqon “Quantanamo” məhbuslarından dördünü Səudiyyə Ərəbistanına köçürüb

Pentaqon “Quantanamo” məhbuslarından dördünü Səudiyyə Ərəbistanına köçürüb
# 06 yanvar 2017 04:01 (UTC +04:00)

Pentaqon “Quantanamo” hərbi həbsxanasından 4 məhbusun Səudiyyə Ərəbistanına köçürüldüyünü rəsmi şəkildə təsdiqləyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Ər-Riyada təhvil verilən məhbusların Səlim Əhməd Hadi ben Kanad, Sadiq Əbu Qənim, Abdulla Yəhya Yusif əş-Şibli və Əli Abdulla Bvazir olduğu bildirilir.

Səlim Əhməd Hadi ben Kanad “Quantanamo” hərbi həbsxanasında 15 il saxlanılıb. Bu müddət ərzində ona qarşı heç bir ittiham sürülməyib və məhkəmə prosesi aparılmayıb. O, 2002-ci ildə Əfqanıstanda əsir götürülüb. Onun “Taliban”a qatılmaq üçün Yəməndən Əfqanıstana gəldiyi bildirilir.

“Əl Qaidə” üzvü olan Əbu Qənimin Usama ben Ladenin cangüdəni olduğu bildirilir. Onun 2001-ci ildə ABŞ-ın “Cole” hərbi gəmisinə qarşı törədilən terror aktının təşkilatçıları ilə əlaqəli olduğu iddia edilir. Əbu Qənimin “Taliban” sıralarında döyüşdüyü və terrorçuların düşərgələrində təlim keçdiyi bildirilir.

Abdulla Yəhya Yusif əş-Şibli və Əli Abdulla Bvazirin də “Əl Qaidə” üzvü olduğu və amerikalı hərbçilərlə döyüşdüyü iddia edilir.

“Röyters”in məlumatına görə, yeni prezident Donald Trampın inauqurasiyasınadək 19 məhbusun 4 ölkəyə köçürülməsi nəzərdə tutulub.

Tramp bir neçə gün əvvəl məhbusların “Quantanamo” həbsxanasından köçürülməsinə qarşı çıxıb. O qeyd edib ki, “Quantanamo” həbsxanasında saxlanılan “çox təhlükəli” məhbusların azadlığa buraxılması praktikasına son qoyulmalıdır.

Qeyd edək ki, “Quantanamo” həbsxanasının bağlanılması hazırkı prezident Barak Obamanın seçkiqabağı əsas vədlərindən biri olub. Lakin, Konqresin etirazları səbəbindən “Quantanamo”nu bağlamaq mümkün olmayıb. Buna baxmayaraq, orada saxlanılan məhbusların sayı 242 nəfərdən 59-a endirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR