Akademik Tofiq Hacıyev: “Azərbaycan dilinin yeni orfoqrafiya lüğətində qoşa “y” samitinin ixtisarı gündəmdədir”

Akademik Tofiq Hacıyev: “Azərbaycan dilinin yeni orfoqrafiya lüğətində qoşa “y” samitinin ixtisarı gündəmdədir”
# 02 iyun 2015 10:02 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Azərbaycan dilindəki qoşa “y” samitinin ixtisarı məsələsi ilə bağlı bizim institutun öz təşəbbüsü var və biz bu məsələni ictimaiyyətin geniş müzakirəsinə təqdim edəcəyik”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev deyib.

T. Hacıyev bildirib ki, rəhbərlik etdiyi institutda bu məsələ ətrafında müzakirələr gedir: “Bu fikri mən özüm ortaya atmışam. Buna Nazirlər Kabineti icazə verməlidir. Onun üçün biz orfoqrafiya qaydaları tərtib etməliyik ki, bu qayda tətbiq olunsun”.

Akademik qeyd edib ki, Azərbaycan dilinin yeni hazırlanacaq orfoqrafiya lüğətində qoşa “y” samitinin ixtisarı gündəmdədir: “Biz hazırda Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin üzərində işləyirik. Yeni orfoqrafiya lüğətində qoşa “y” samitinin ixtisarı gündəmdədir. Heç kim “mədəniyyət”, “ədəbiyyat”, “səhiyyə” sözlərini tələffüz edərkən “y” hərfini uzatmır. Tələffüzdə bu sözlər bir “y” ilə deyilir. Qoşa “y” hərfinin ixtisarı bizim diqqətimizdədir. Yenə də vurğulayıram ki, bu məsələni planlı şəkildə müzakirə edərək ictimaiyyətin müzakirəsinə təqdim edəcəyik”.

Qeyd edək ki, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan orfoqrafiyasında qoşa “y” samiti ilə olan sözlərin yazılışına yenidən baxmağa ehtiyac yarandığını bildirib.

Xatırladaq ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov da APA-ya verdiyi müsahibəsində bu məsələyə toxunub. Millət vəkili “ədəbiyyat”, “mədəniyyət”, “səhiyyə” sözlərində iki “y” samitinə ehtiyac olmadığını deyib: ““Ədəbiyat”, “səhiyə” deyiriksə, ikinci hərfə ehtiyac qalmır. Hərf sözü sözdən fərqləndirməlidir. Fərqləndirmirsə, artıq şeydir. Amma buna qarşı opponentlər də ola bilər ki, ənənə var, necə yazılıbsa, elə də yazaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR