Nazir: “Xəzər dənizi suyunun duzsuzlaşdırma kompleksinin gücünün artırılmasına ehtiyac var”

Nazir: “Xəzər dənizi suyunun duzsuzlaşdırma kompleksinin gücünün artırılmasına ehtiyac var”
# 09 oktyabr 2014 08:22 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda Xəzərin bioresurslarının bərpası istiqamətində işlər aparılır. APA-nın xəbərinə görə, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı deyib ki, hazırda müasir Xıllı nərə balıqartırma zavodunda süni yetişdirilmiş 5000-dən artıq müxtəlif yaş qrupuna mənsub nərə cinsli balıqdan ibarət bərpa-törədici fondunun yaradılıb. Onun sözlərinə görə, 2013-cü ildə Azərbaycanda ilk dəfə olaraq burada süni yetişdirilmiş ana balığı öldürmədən cərrahi əməliyyat vasitəsilə alınmış kürüdən balıq körpələri yetişdirilib: “Bununla da dənizdəki ana balıq qıtlığından asılılıq getdikcə azalır. 2014-cü ilin 9 ayı ərzində su bioloji resurslarının artırılması sahəsində 419 milyon ədəd balıq körpəsi yetişdirilərək su hövzələrinə buraxılıb. Bunlardan 6,2 milyon ədədi - nərə cinsli, 172 mini isə qiymətli qızıl balıq körpələri olub”.

Nazir vurğulayıb ki, gələcəkdə yarana biləcək su qıtlığı probleminin effektiv həlli üçün Azərbaycanda tükənməyən mənbə olan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün infrastruktur imkanları 20 min kubmetr olan, ilkin mərhələdə pilot olaraq sutkada 1000 kubmetr gücündə avadanlıq quraşdırılmış zavod və müasir tinglikdən ibarət kompleks inşa edilib. Onun sözlərinə görə, faktiki olaraq bu zavod Xəzər sahilində ən müasir və iri duzsuzlaşdırma müəssisəsidir: “Bu gün zavodda istehsal olunan su ətraf ərazidə salınmış yaşıllıqların suvarılmasında istifadə edilir. Hazırda Ələt-Astara magistral avtomobil yolunun ətrafının yaşıllaşdırılması işləri davam edir. Əkinlərin əksəriyyəti zeytunluq olan bu ərazilərdə suvarmaya yararlı suyun məhdud olması dəniz suyunun duzsuzlaşdırılma həcminin artırılması zərurətini yaradıb. Bunun üçün əlavə tikinti-quraşdırma işləri aparmadan duzsuzlaşdırma kompleksinin gücünü qısa zamanda 4 dəfə artırmaq mümkündür və buna ehtiyac var. Bundan başqa, Şirvan kanalının nisbətən az duzlu suyunun Xəzər dənizinə axıdılmaqdansa, duzsuzlaşdıraraq suvarmada istifadə edilməsi daha məqsədəuyğun olardı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR