Görkəmli dövlət xadimi Sadıq Rəhimovun 100 illik yubileyi qeyd olunub - FOTO

Görkəmli dövlət xadimi Sadıq Rəhimovun 100 illik yubileyi qeyd olunub - <span style="color: red;">FOTO
# 26 sentyabr 2014 11:42 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli dövlət xadimi Sadıq Rəhimovun 100 illik yubiley mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində Sadıq Rəhimovun həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.

Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının iştirak etdikləri yubiley mərasimi Sadıq Rəhimovun həyat və fəaliyyətindən bəhs edən “Şərəfli ömür” sənədli filminin nümayişi ilə başlanıb. Tədbir çərçivəsində həmçinin eyniadlı kitabın təqdimatı olub.

Mərasimdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, uzun illər dövlət idarəçiliyi sahəsində müxtəlif məsul vəzifələrdə çalışmış, Azərbaycan hökumətinə rəhbərlik etdiyi dövr ərzində respublikanın ictimai-siyasi həyatına, sosial-iqtisadi inkişafına mühüm töhfələr vermiş Sadıq Rəhimovun işgüzarlığı və təşəbbüskarlığı onu tutduğu vəzifələrdə pillə-pillə yüksəldib: “O, 1954-1958-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri olub. Müxtəlif vaxtlarda toxuculuq sənayesi naziri, Gəncə Şəhər İcraiyyə Komitəsinin sədri, kommunal təsərrüfat və mülki tikinti naziri, çoxişlənən sənaye malları naziri, Sənayedə Təhlükəsiz İş Aparılması Üzərində Nəzarət və Dağ-Mədən Nəzarəti Dövlət Komitəsinin sədri, Bakı Baş Tikinti İdarəsinin rəisi və yüngül sənaye naziri vəzifələrində çalışıb. Azərbaycanda tikinti və sənaye sahələrinin inkişafına özünəməxsus töhfələr verib”.

Tədbirdə Sadıq Rəhimov ilə birgə çalışmış insanlar, onun yaxınları xatirələrini bölüşüblər. Nəbibə Həsənova, Kamil Akimov, Sadıq Murtuzayev tanınmış dövlət xadiminin xidmətlərindən, insani keyfiyyətindən söz açıblar.

Sadıq Rəhimovun nəvəsi, gənclər və idman naziri Azad Rəhimov babasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd edilməsinə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Tədbirdə Sadıq Rəhimovun həyatının müxtəlif anlarını əks etdirən fotoslaydlar nümayiş olunub.

Yubiley mərasimi bədii hissə ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR