Son aylar Prezident İlham Əliyevin Avropa liderləri ilə keçirdiyi intensiv görüşlər və ümumilikdə Avropa dövlətlərinin Bakıya artan marağı təkcə diplomatik fəallığın statistikası deyil, Azərbaycanın beynəlxalq münasibətlər sistemində çəkisinin artmasının, etibarlı tərəfdaş kimi qəbul edilməsinin və regional gündəliyin əsas iştirakçılarından birinə çevrilməsinin göstəricisidir. Avropada Azərbaycan barədə müxtəlif fikirlər səslənib: bəzən emosional, bəzən siyasi, bəzən isə reallıqdan uzaq. Ancaq Almaniya fərqli yol seçərək, Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığı qəbul edən ilk böyük Avropa dövlətlərindən biri kimi fərqlənir. Son dövrlərdə baş verən proseslərdən Almaniyanın Avropa İttifaqının aparıcı ölkəsi kimi Cənubi Qafqazda öz təsirini artırmaqda maraqlı olduğu nəzərə çarpır.
Bakı Avropanın siyasi paytaxtlarında etibarlı tərəfdaş kimi qəbul edilir
Bir neçə il əvvəl daha çox region kontekstində dəyərləndirilən Bakı bu gün Avropanın siyasi paytaxtlarında qlobal təhlükəsizlik, iqtisadi əməkdaşlıq, enerji, yaşıl enerji, nəqliyyat-logistika, Orta Dəhliz və digər əhəmiyyətli mövzularda etibarlı tərəfdaş kimi qəbul edilir.
Elə buna görə də Prezident İlham Əliyevin Almaniyaya növbəti səfəri xüsusi məna daşıyırdı. Berlinə uçan təyyarədə artıq söhbət yalnız iki ölkə arasındakı münasibətlərdən getmirdi. Bu səfər Azərbaycanın Avropa ilə genişlənən siyasi dialoqunun, qarşılıqlı etimadın və ölkənin artan beynəlxalq nüfuzunun növbəti mərhələsi kimi diqqət çəkirdi.
Bu səfərdə hiss olunan əsas məqam bu idi: diplomatiya bəzən rəsmi bəyanatlarda deyil, görüşlərin atmosferində, liderlərin ünsiyyətində, verilən mesajlarda və göstərilən siyasi jestlərdə özünü büruzə verir. Berlin məhz həmin mesajların verildiyi mərkəzlərdən biri oldu.

“Villa Borsig” iqamətgahı - "Diplomatiyanın sakit evi"
Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri diplomatiyanın sükutla danışdığı ünvan olan “Villa Borsig” iqamətgahında - tarixi məkanın ab-havasında Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşü ilə başladı.
Dövlət başçısının səfərini işıqlandırmaq üçün Berlinə gəlmiş media nümayəndələri “Villa Borsig” iqamətgahına yola düşdü. Berlinin mərkəzindən təxminən yarım saatlıq yol insanı tamam başqa aləmə aparır, Reyherverder yarımadasına yol Berlinin səs-küyünü addım-addım geridə qoyur. Şəhər mərkəzindən cəmi yarım saatlıq məsafədə yerləşməsinə baxmayaraq, “Villa Borsig” tamamilə başqa dünyanın qapısını açır və ilk baxışda dövlət iqamətgahından çox, nağıllardakı sarayı xatırladır. Almaniya hökuməti təsadüfən bu iqamətgahı seçməyib. Burada həm yüksək təhlükəsizlik, həm də məxfilik təmin olunur. Göl və parkla əhatələnmiş saray təmtəraqdan daha çox rəsmi görüşlərdə düşünmək və dialoq aparmaq imkanı yaradır.
İqamətgaha çatmamış media nümayəndələrinin yoxlanışı həyata keçirilir, bunun ardınca yenidən gəldiyimiz avtomobilə oturaraq, iqamətgaha doğru yola düşürük.

Nəhayət, görüşün keçiriləcəyi müxtəlif siyasi dövrlərin izlərini daşıyan “Villa Borsig” iqamətgahına çatırıq və anlayırıq ki, Almaniya diplomatiyasının ən mühüm söhbətləri təsadüfən məhz burada aparılmır. Burada diqqətimizi bir məqam çəkir: burada hər detal düşünülüb.
Parkın gölə doğru enən cığırları, ağacların yaratdığı təbii səssizlik, şəhərdən təcrid olunmuş mühit təsadüfi seçilməyib. Diplomatiya bəzən böyük konfrans zallarında deyil, məhz belə sakit məkanlarda irəliləyir.

Prezident İlham Əliyevin gəlişi üçün ciddi hazırlıq görülür, media nümayəndələri də öz yerlərini tuturlar. Az sonra Prezident İlham Əliyev görüşün keçiriləcəyi məkana gəlir və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer onu böyük ehtiramla qarşılayır. Təkbətək və geniş tərkibli görüşlər keçirilir. Burada danışıqlar kameralar qarşısında yox, etimad mühitində aparılır. Bəlkə də elə buna görə alman diplomatlar bu iqamətgahı "diplomatiyanın sakit evi" adlandırırlar. Burada qəbul edilən qərarlar dərhal elan edilmir, buradakı müzakirələrin təsiri zamanla özünü göstərir.

“Villa Borsig”dən qərarların qəbul edildiyi məkana
“Villa Borsig”dən ayrıldıqdan sonra avtomobil yenidən Berlinin siyasi mərkəzinə doğru hərəkət edir. Berlinin şimal-qərbindən şəhərin siyasi mərkəzinə doğru irəlilədikcə mənzərə dəyişir. Teqel gölünün sahilindəki yaşıllığı beton, polad və şüşədən ibarət hökumət kvartalı əvəz edir. Yol Şpri çayının sahili ilə uzanır. Qarşıda Reyxstaq binasının şüşə günbəzi görünür. Onun bir qədər qarşısında isə Almaniyanın siyasi hakimiyyətinin əsas ünvanı - Federal Kanslerlik yerləşir.

Bura təkcə Almaniya hökumətinin inzibati binası deyil. Əgər Villa Borsiq etimadın ünvanıdırsa, Kanslerlik qərarların qəbul edildiyi məkandır.
Burada Almaniyanın daxili və xarici siyasətinə istiqamət verən qərarlar qəbul edilir, burada Avropa İttifaqının gələcəyinə təsir edən sənədlər müzakirə olunur. 21 iyul tarixində isə bu binada Azərbaycan-Almaniya münasibətlərinin yeni mərhələsinə start verilir.
Prezident İlham Əliyevin Almaniyanın Federal Kansleri Fridrix Mertslə görüşü Federal Kanslerlik binasında baş tutdu. Lakin bu, sadəcə, iki liderin sıradan görüşü deyildi, bu, Almaniya hökuməti ilə Bakının formalaşdırdığı yeni siyasi dialoqun başlanğıcı idi.
Vətən Müharibəsindən sonra regionda formalaşmış yeni geosiyasi reallıqlar Almaniyanın siyasi dairələrində artıq qəbul edilir. Rəsmi Berlinin gündəliyində Cənubi Qafqaz ideoloji müstəvidən daha çox təhlükəsizlik, enerji, nəqliyyat və iqtisadi əməkdaşlıq kontekstində qiymətləndirilir.
Elə bu səbəbdən Azərbaycan Prezidentinin burada keçirəcəyi görüşlərə maraq böyük idi.
Kanslerliyin həyətində son hazırlıqlar tamamlanır. Protokol xidmətinin əməkdaşları hər detalı bir daha yoxlayır. Almaniya və Azərbaycan bayraqları əsas giriş boyunca düzülüb. Jurnalistlər üçün ayrılmış platformada müxtəlif dillərdə söhbətlər eşidilir. Alman, Azərbaycan və xarici media nümayəndələri kameralarını əsas girişə yönəldiblər.

Bir neçə dəqiqə sonra maşın karvanı həyətə daxil olur. Federal Kansler Fridrix Merts Azərbaycan Prezidenti İlham Əliyevi əsas girişdə qarşılayır, iki lider əl sıxır, ardınca hərbi orkestrin ifasında hər iki ölkənin dövlət himnləri səslənir.

Rəsmi protokol dəqiqələr içində başa çatsa da, həmin görüntülər səfərin mahiyyətini ifadə edən əsas mesajlardan biridir. Bu, Almaniyada yeni formalaşmış hökumətin Azərbaycanla münasibətləri yüksək siyasi səviyyədə davam etdirmək niyyətini nümayiş etdirən açıq siqnaldır.
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ
Fridrix Merts üçün bu görüş xüsusi əhəmiyyət daşıyırdı. 2025-ci ildə hakimiyyətə gələn yeni hökumət Almaniyanın xarici siyasətində praqmatik xətti daha da gücləndirməyə çalışır. Xristian Demokrat İttifaqının lideri kimi Merts iqtisadiyyat, sənaye və enerji təhlükəsizliyini xarici siyasətin əsas sütunlarından biri hesab edir.
Bu baxımdan Azərbaycan Almaniyanın diqqət mərkəzində olan tərəfdaşlardan biridir.
Bir tərəfdən Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı təbii qaz ixracatçısı, digər tərəfdən isə Avropa ilə Mərkəzi Asiyanı birləşdirən Orta Dəhlizin əsas ölkəsi kimi Azərbaycanın geosiyasi çəkisi son illər əhəmiyyətli dərəcədə artıb.

Məhz buna görə də Berlin üçün Bakı ilə dialoqun davam etdirilməsi artıq təkcə ikitərəfli münasibətlər deyil, Avropanın strateji maraqları məsələsidir.
İlham Əliyev və Fridrix Mertsin söhbətinin əsas mövzuları da münasibətlərin gələcək inkişaf perspektivləri, regional təhlükəsizlik, enerji əməkdaşlığı və Cənubi Qafqazda davam edən sülh prosesi idi.
Danışıqların diqqətçəkən məqamlarından biri Almaniyanın Azərbaycanla münasibətlərə verdiyi yeni siyasi çalar idi: enerji təhlükəsizliyi, nəqliyyat marşrutları, yaşıl enerji, investisiyalar, sənaye əməkdaşlığı, texnologiya transferi...
Bu mövzular artıq Berlinlə Bakı arasında dialoqun əsas istiqamətlərinə çevrilib.
Bu dəyişiklik isə təsadüfi deyil. Rusiya-Ukrayna müharibəsi Avropanın enerji siyasətini köklü şəkildə dəyişdirdi. Alternativ marşrutlar və etibarlı tərəfdaşlar Avropa üçün strateji əhəmiyyət qazandı. Azərbaycan isə etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirdi.
Görüşün kulminasiya nöqtəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertsin “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”ni imzalaması oldu.

İlk baxışdan bu, diplomatik protokolun bir hissəsi kimi görünə bilər, amma bu sənəd Azərbaycan-Almaniya münasibətlərində yeni siyasi mərhələnin başlanğıcını ifadə edir. Həmin gün Federal Kanslerliyin divarları arasında imzalanan sənəd və aparılan danışıqlar göstərdi ki, Berlin səfərinin əsas nəticəsi yalnız diplomatik nəzakət deyil. Bu səfər Azərbaycanla Almaniya arasında münasibətlərin yeni siyasi arxitekturasını formalaşdıran mərhələ kimi tarixə düşür.
Bu yeni mərhələnin əsas açar sözləri isə bunlardır: Etimad. Praqmatizm. Strateji tərəfdaşlıq...
Bu sənədlə əməkdaşlıq ayrı-ayrı layihələr çərçivəsindən çıxaraq vahid strateji çərçivəyə keçdi.
Siyasi dialoq, enerji, iqtisadiyyat, rəqəmsallaşma, yaşıl texnologiyalar, elm, təhsil, təhlükəsizlik və humanitar əməkdaşlıq artıq bir sənədlə uzunmüddətli inkişaf istiqamətləri kimi müəyyənləşdirildi.
Azərbaycan beynəlxalq münasibətlər sistemində tərəfdaşlıq gündəliyini müəyyənləşdirir
Almaniya bununla İtaliyadan sonra Azərbaycanın Qərbi Avropada strateji gündəlik formalaşdırdığı ikinci böyük dövlət oldu. Bu səfərin siyasi əhəmiyyəti təkcə yüksək səviyyəli görüşlərlə məhdudlaşmır. Çünki Berlin son illərdə Cənubi Qafqazla bağlı daha praqmatik yanaşma nümayiş etdirən Avropa paytaxtlarından birinə çevrilib.
Digər tərəfdən, Berlin Avropa İttifaqının aparıcı siyasi və iqtisadi lokomotividir.
Deməli, Berlinlə münasibətlərin yeni mərhələyə yüksəlməsi Azərbaycanın Avropa ilə əməkdaşlığının gələcək konturlarına da təsir göstərə biləcək mühüm siyasi hadisədir.

Birgə Bəyannamənin imzalanmasından sonra keçirilən birgə mətbuat konfransı isə səfərin siyasi atmosferini tamamlayan ən diqqətçəkən məqamlardan biri oldu. Almaniya və beynəlxalq media nümayəndələrinin çoxsaylı sualları fonunda diqqətlər, əsasən, Prezident İlham Əliyevə yönəlmişdi. Dövlət başçısı təkcə Azərbaycan-Almaniya münasibətləri barədə deyil, Cənubi Qafqazdakı yeni geosiyasi reallıqlar, Ermənistanla sülh prosesi, Rusiya-Ukrayna müharibəsi, Avropanın enerji təhlükəsizliyi, Orta Dəhliz və beynəlxalq gündəmin digər məsələləri ilə bağlı da əhatəli və detallı cavablar verdi.
Prezident İlham Əliyev heç bir sualdan yayınmadı, hər mövzuya faktlara və siyasi arqumentlərə söykənən geniş izah verdi. Hiss olunurdu ki, jurnalistlərin marağı təkcə verilən cavablara deyil, həmin cavabların təqdim olunma üslubuna da yönəlib. Mətbuat konfransı boyu zalın diqqət mərkəzində məhz Prezident İlham Əliyev idi.
Gündəliyi formalaşdıran fəal diplomatiya
Berlin səfərini müşahidə edərkən istər-istəməz Prezident İlham Əliyevin illər əvvəl diplomatlarla görüşlərdə səsləndirdiyi fikirlər yadıma düşür. O zaman dövlət başçısı Azərbaycanın xarici siyasətinin yalnız baş verən proseslərə reaksiya verməklə kifayətlənməməli, təşəbbüslərlə çıxış edən, gündəliyi formalaşdıran fəal diplomatiya yürütməsinin vacibliyini vurğulayırdı. Prezident bildirirdi ki, Azərbaycan milli maraqlarını müdafiə edən, öz mövqeyini beynəlxalq auditoriyaya inamla çatdıran və yeni əməkdaşlıq formatları yaradan ölkəyə çevrilməlidir.
Berlində baş verənlərə bu günün reallıqları prizmasından baxdıqda həmin strateji xəttin nəticələri daha aydın görünür. Bir vaxtlar daha çox regional məsələlər kontekstində təqdim olunan Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyi, Orta Dəhlizin inkişafı, yaşıl enerji keçidi və Cənubi Qafqazda sülh gündəliyinin əsas iştirakçılarından biri kimi qiymətləndirilir. Bu isə təsadüf deyil. Diplomatiyanın ən mühüm xüsusiyyətlərindən biri də onun nəticələrinin bəzən illər sonra görünməsidir. Elə məqamlar da olur ki, hadisələrin ardıcıllığı özü artıq hansısa yeni siyasi reallığın formalaşdığını göstərir.
Federal Kanslerlikdə imzalanan “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” də həmin siyasətin növbəti mərhələsini əks etdirir. Azərbaycanın təşəbbüsləri artıq təkcə regionda deyil, Avropanın siyasi və iqtisadi gündəliyində də yer alır. Berlin səfəri bir daha göstərdi ki, ölkə beynəlxalq münasibətlər sistemində yalnız proseslərə uyğunlaşan deyil, əməkdaşlıq platformaları formalaşdıran və tərəfdaşlıq gündəliyini müəyyənləşdirən aktor kimi çıxış edir.
Bəlkə də səfərin əsas siyasi nəticəsini məhz bu məqam ifadə edir: Azərbaycan diplomatiyası bu gün təşəbbüs göstərən, etimad qazanan və strateji tərəfdaşlıqlar quran diplomatiyadır. Berlin isə bu siyasətin növbəti uğurla təsdiqləndiyi Avropa paytaxtlarından biri oldu.
Bu səfəri izləyərkən bir daha əmin oldum ki, beynəlxalq siyasətdə təsadüfi uğurlar olmur. İllərlə qurulan etimad, ardıcıl diplomatik xətt və milli maraqlara söykənən xarici siyasət bu gün Azərbaycanın Avropanın aparıcı dövlətləri ilə bərabərhüquqlu tərəfdaş kimi çıxış etməsinə imkan yaradır. Berlin görüşləri də həmin siyasətin növbəti mühüm mərhələsi kimi yadda qaldı.

Berlin küçələrində adi həyat öz axarı ilə davam edirdi. Lakin həmin günlərdə Almaniyanın siyasi mərkəzlərində qəbul olunan qərarlar və aparılan müzakirələr təkcə iki ölkənin münasibətlərinə deyil, daha geniş regional proseslərə də təsir göstərə biləcək mahiyyət daşıyırdı. Burada gələcəyin yeni siyasi xəritəsinin konturları cızılırdı.
Bakı-Berlin-Bakı