Milli Məclisin sədri Sahibə Qafarova İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçirilən 20-ci sessiyası çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb.
Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə ölkələrimiz arasında qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün istiqamətlərdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub. Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutan Azərbaycan və Türkiyənin bütün məsələlərdə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirdiyi diqqətə çatdırılıb. Spiker Sahibə Qafarova bildirib ki, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında qarşılıqlı hörmət və etimada əsaslanan qardaşlıq münasibətlərinin, onların siyasi iradəsinin və qətiyyətinin nəticəsidir ki, münasibətlərimiz özünün ən yüksək səviyyəsinə çatıb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsində parlamentlərin də vacib rolu qeyd olunaraq, bu istiqamətdə mövcud olan əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilib.
Söhbət zamanı Numan Kurtulmuş bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdüyünü məmnunluqla xatırladaraq, görüş barədə müsbət təəssüratlarını bölüşüb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
***
saat 17.39
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 20-ci Konfransı çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Numan Kurtulmuş X-da paylaşım edib.
“Görüş zamanı ölkələrimiz arasında mövcud olan dərin dostluq və qardaşlıq əlaqələrinin bütün sahələr üzrə daha da möhkəmlənməsindən məmnunluğumuzu qarşılıqlı şəkildə ifadə etdik. Həmçinin regional və qlobal səviyyədə baş verən proseslər ətrafında fikir mübadiləsi apardıq. Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında strateji müttəfiqliyin Şuşa Bəyannaməsinə uyğun olaraq bütün istiqamətlərdə daha da gücləndirilməsi əzmimizi bir daha təsdiqlədik”, - deyə TBMM sədri qeyd edib.