Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) Baş katibi seçilib.
APA xəbər verir ki, Azərbaycan təmsilçisi Fuad Kərimli 5 il müddətində təşkilata sədrlik edəcək.
Özbəkistan təmsilçisi Bobur Bekmurodov Baş katibin Asiya regionu üzrə müavini, Ekvador təmsilçisi Luis Qalleqos Baş katibin Latın Amerikası regionu üzrə müavini, Keniya təmsilçisi Mithika Mwenda Baş katibin Afrika region üzrə müavini, Filippin təmsilçisi Cecile Guidote-Alvarez isə Baş katibin Sakit okean regionu üzrə müavini seçilib.
Fuad Kərimli deyib ki, platformanın əsas məqsədi Qlobal Cənub ölkələrinin səsini beynəlxalq qərarvermə proseslərində daha güclü şəkildə təmsil etmək, ortaq prioritetləri ön plana çıxarmaq və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığı gücləndirməkdir.
O qeyd edib ki, son bir il ərzində platforma yalnız bəyanatlarla deyil, konkret fəaliyyət və təşəbbüslərlə çıxış edib. Platforma COP30, Afrika şəhərsalma forumları və BMT iqlim danışıqları da daxil olmaqla müxtəlif beynəlxalq tədbirlərdə iştirak edərək Qlobal Cənubun maraqlarını müdafiə edib.
Fuad Kərimli vurğulayıb ki, platforma çərçivəsində hazırlanmış “Global South Speaks” hesabatı inkişaf etməkdə olan ölkələrin dayanıqlı inkişaf, şəhərsalma və iqlim siyasəti üzrə prioritetlərini beynəlxalq müzakirələrə çatdırmağa xidmət edir.
O bildirib ki, WUF13 forumunun Azərbaycanda keçirilməsi beynəlxalq dialoq və dayanıqlı şəhər inkişafı baxımından mühüm hadisədir: “Biz inanırıq ki, WUF13 beynəlxalq əməkdaşlığın, dialoqun və dayanıqlı şəhər inkişafı təşəbbüslərinin daha da güclənməsinə töhfə verəcək”.
Fuad Kərimli əlavə edib ki, Qlobal Cənub QHT Platforması ilk dəfə olaraq BMT ilə əlaqəli beynəlxalq tədbirdə öz xüsusi pavilyonu ilə təmsil olunacaq.
Fuad Kərimli qeyd edib ki, qarşıdakı dövrdə Afrika, Asiya, Latın Amerikası və Okeaniya regionlarını təmsil edən rəhbərlik strukturu yaradılacaq, Bakıda yerləşən qərargahla yanaşı müxtəlif regionlarda forumlar, siyasət dialoqları və potensialın artırılması proqramları təşkil olunacaq. Onun sözlərinə görə, əsas məqsəd yalnız qlobal müzakirələrdə iştirak etmək deyil, həm də Qlobal Cənub ölkələrinin öz gündəmini formalaşdırması, öz platformalarını yaratması və ortaq çağırışlara birgə həll yolları təqdim etməsidir.
Qeyd edək ki, Fuad Kərimli bundan əvvəl GSNP Katibliyində çalışıb.