Bakıdan Rioya medal eşqi ilə

Bakıdan Rioya medal eşqi ilə
# 21 sentyabr 2016 09:09 (UTC +04:00)

14 saat 30 dəqiqə uçuş. 7 saat vaxt fərqi. Bakıda yay. Rioda qış . Bakı oyanır. Rio yatır. Həyəcan isə eyni zamanda yaşanır.

“İctimaiyyətlə əlaqələr reputasiyadır: sənin nə dediyinin, nə etdiyinin və başqalarının sənin haqqında nə dediyinin nəticəsidir. ”

CİPR (Chartered İnstitute of Public Relations) (Sertifikatlaşdırılmış İctimaiyyətlə Əlaqələr İnstitutu)

Londondan Rioaya baxış

2012-ci ildə Dumanlı Albionda keçirilən XXIX London Yay Olimpiya oyunları mətbuat katibi olaraq mənim ilk böyük təcrübəm idi. Tam səmimi etiraf etsəm, o müddətdə olimpiya oyunlarında mətbuatla əlaqələri necə quracağımı özüm üçün tam müəyyən etməmişdim. Peşəkar dildə desək, strategiya işləməmişdim. Düzü, iş planının öncədən işlənilməməsi məndə bir sıra problemlər yaratdı desəm, yanılmaram. İnformasiya pərakəndəliyi, bir sıra hallarda operativliyin media üçün tam təmin olunmaması, bəzi media nümayəndələri tərəfindən saytlara yerləşdirilən yalnış informasiyaya gecikmiş reaksiyanın verilməsi heç də ürək açan hal deyildi.

Amma ən əsas və mühüm olan məsələ Londonda Azərbaycan nümayəndə heyətinə mobil operatorlardan biri tərəfindən telefon və nömrə verilməsi idi ki, o da media ilə sıx və operativ əməkdaşlığın qurulmasında müstəsna rol oynayırdı. Edilən zənglər (4 saat vaxt fərqi nəzərə alınmadan), verilən suallara vaxtında cavab, hər hansı mövzu ilə bağlı rəyin bildirilməsi London Yay Olimpiya oyunlarında jurnalistlərlə ünsiyyətin ən rahat və asan yolu idi. Lakin bu mənim üçün az idi. Odur ki, Rio öncəsi London ilə müqayisədə oyunlara tam fərqli şəkildə hazırlaşdım.

Rabitə. İnformasiya. Olimpiada- RİO planı

Victoria Harres: “PR mütəxəssisləri jurnalistlərin diqqətini hadisəyə çəkməkdə mühüm rol oynayırlar. Dünyada hər bir hadisədən əhvalat düzəldəcək sayda jurnalist yoxdur.”

Rio olimpiya oyunları öncəsi bu oyunlarda media ilə əlaqələrin necə qurulacağı, informasiyanın cəld və operativ şəkildə jurnalistlərə necə çatdırılacağı, yazılı meteriallarla bərabər video və səsli materialların onlara necə ötürüləcəyi ilə bağlı detallı düşündüm. Bilirdim ki, oyunların Bakı vaxtı ilə gecə baş tutduğunu nəzərə alsaq, demək ki, insanlar səhər ilk olaraq yarışlarla bağlı xəbərləri internetdən: müxtəlif sosial şəbəkələrdən və informasiya agentliklərindən əldə edəcəklər. Demək ki, info, müsahibə, mətn gecədən hazır olmalı idi. Ən ümdəsi bilirdim ki, Londonla müqayisədə Rio hər şey tam fərqli idi.

  • Azərbaycan nömrələri Braziliyada demək olar ki, işləmirdi. ( Braziliyada bizə yerli nömrə verdilər. Lakin maliyyə baxımından bu heç də jurnalistlər, eyni zamanda mənim üçün münasib deyildi.)

  • Braziliya ilə Azərbacyan arasında 7 saat vaxt fərqi var idi. Məsələn, Bakıda səhər saat 9 olanda, Rioda gecə 2 idi. Bakıda iş bazşlayır, Rioda iş bitir. Demək ki, infoda çox böyük gecikmələr ola bilərdi.

  • İdman yarışlarının keçirldiyi bir sıra məkanlar bir-birindən çox aralı idi. (məsələn cüdo və gimnastika , güləş və avarçəkmə və s)

  • Neqativ yazılar olacağı təqdirdə cavab planının və ya öncə hazır materialların işlənilməsi (proactive və reaktive PR- gələn yazıda. Yazılması ehtimal edilən neqativ yazıların öncədən qarşısının alınması və ya onlara cavab reaksiyası).

  • Təbliğatın sosial şəbəkələrdə aparılması strategiyasının işlənilməsi və digər, xırda görünsə də, lakin işin yüksək səviyyədə həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edən amillər.

Nazirliyimizin “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyevin öncədən nümayəndə heyəti üçün hazırladığı idmançılarımızın yarış cədvəlinə bir daha göz gəzdirib, əməkdaşlıq edəcəyim jurnalistlərin siyahısını tamamilə bitirib yollandıq Rioya.

Beləliklə, 2 avqust gecə saat 01.00-da Bakıdan xüsusi ayrılmış Bakı-Rio çartr reysi ilə Braziliyaya uçduq. 14 Saat 30 dəqiqəlik üçüşdan sonra Braziliya vaxtı ilə səhər saat 9.00-da Rioya çatdıq. Artıq hava limanında olarkən təşkilati məsələlərin heç də yüksək səviyyədə həyata keçirilməməsi diqqətimizi cəlb etdi. Təbii ki, mən və digər əməkdaşlarımız üçün ən narahatçılıq doğuran məqam internet idi. İnternetin zəif olacağı təqdirdə, işin də yüksək səviyyədə getməsindən söz aça bilməzdik.

Amma nə yaxşı ki, narahatçılığımız əsassız oldu. Demək olar ki, Rio olimpiya oyunları zamanı ən yüksək səviyyədə görülmüş iş məhz internet idi ki, (media avtobuslarında, media mərkəzində və öncədən qeydiyyatdan keçdiyimiz üçün idman arenalarında) bu da sözün əsl mənasında rahatlığın tam təminatı oldu. Yarışlar başlamadan öncə həyata keçirilən ilk tədbirlər Azərbaycan bayrağının atletlər kəndində qaldırılması, IV İslam Həmrəyliyi oyunlarının Rioda təqdimatı oldu. Hər iki tədbir media nümayəndələri arasında geniş şəkildə təbliğ olundu.

Bundan sonra əsas istiqamət yarışlar və idmançılarımız idi.

Nəzərə alsaq ki, yarışlar İTV vasitəsi ilə canlı nümayiş olunurdu, səhər isə təkrarı verilirdi, demək ki, mətnlər idmançılar, onların məşqçilərləri və mütəxəssislərdən götürülən müsahibələr üzərində qurulmalı idi.

“Nə baş verməsindən asılı olmayaraq, sənin müsahibini niyə dindirdiyinlə bağlı ideyan olmalıdır: bir neçə suala verilən konkret bir cavab, fikirlər, sitatlar, emosiyalar, kadr arxası mətn və s üçün? Fərqi yoxdur.” Tony Harcup

Mənim üçün müsahibələr ictimaiyyətdə rəyin formalaşması (yazılı mətbuat), eyni zamanda, emosiyaların çatdırılması (TV və radio) məqsədini daşıyırdı.

Burada komanda şəklində aparılan işin də əhəmiyyətini vurğulamalıyam. İdmançılarımız eyni zamanda müxtəlif arenalarda yarışdıqları təqdirdə “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev ilə bölgü aparırdıq. Fotoqrafımız Dilavər Nəcəfov fotopaların operativ təminatçısı idi.

Beləliklə, iş whatsapp, facebook, instagram, email və s üzərindən quruldu.

  • Whatsappda jurnalistlər üçün yaradılmış “Rio 2016” qrupuna idmançı arenadan çıxan kimi müsahibələr (video və səsli) alınıb göndərilirdi. Nəzərə alsaq ki, informasiya agentlikləri 7/24 çalışır, demək burada əsas məqsəd yazılı mətbuatda operativliyi qoruyub saxlamaq idi.

  • Facebook, əsasən mənim ictimaiyyətə hansısa bir fikri çatdırmaq istədikdə yazdığım status, müəyyən suallarla müraciət edən şəxslərə cavabımın verilməsi, eyni zamanda infomasiya agentliklərində, TV-də gedən müsahibələri, həmin materialı hazırlayan jurnalistlərin adlarını da mütləq şəkildə qeyd etməklə (qrupda olan hər bir jurnalist sözün əsl mənasında saat fərqinə fikir vermədən yüksək səviyyədə çalışırdı) linklərin yerləşdirilməsi və məlumatın daha geniş auditoriyaya çatdırılması funksiyasını daşıyırdı.

  • İnstaqramın daha çox şəxsi fotolar üçün nəzərdə tutulduğunu nəzərə alaraq, orada əsasən idmançılarla çəkdirdiyim şəkilləri yerləşdirir və müsahibələr zamanı onların söylədiyi hansısa maraqlı fikirləri status olaraq şəkil altına yazırdım. Səmimi, fotaların altında yazılan rəylər sözün əsl mənasında çox böyük marağa səbəb olurdu.

Təbii ki, emaillərin göndərilməsi, twitter statuslarının yazılması və digər burada haqqında danışmadığım işlərin hər biri Rio olimpiya oyunları zamanı təbliğat işlərinin geniş şəkildə aparılmasının sütunları idi.

Baxmayaraq ki, Londonla müqayisədə burada zənglərdən demək olar ki, istifadə olunmadı, İctimai TV-nin “Yeni gün” proqramını çıxmaq şərti ilə, amma, başda whatsapp olmaqla, sosial şəbəkə bir neçə telefonu əvəz etdi desəm yanılmaram.

“İctimaiyyətdə rəyin formalaşmasında sosial medianın əvəzsiz rolu var. Məhz bir sıra hallarda sosil media insanlara infonun düzgün ötürülməsində böyük rol oynadığı kimi, eyni zamanda düzgün olmayan xəbərin də yayılmasının səbəbkarı olur.” Anne Gregory

Təbii ki, yuxarıda qeyd olunan halların baş verə biləcəyini öncədən bildiyim üçün, Rio 2016-nın təbliğatını dörd bir tərəfdən aparçağa çalışdım.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR