Tanınmış yazıçının əsərləri ilk dəfə Azərbaycan dilində nəşr olunacaq

Tanınmış yazıçının əsərləri ilk dəfə Azərbaycan dilində nəşr olunacaq
# 14 mart 2018 12:45 (UTC +04:00)

Müasir Azərbaycan ədəbiyyatının ən tanınmış simalarından biri, yazıçı Elçin Səfərlinin əsərləri Azərbaycan dilində “TEAS Press” Nəşriyyat Evində nəşr olunacaq.

“TEAS Press” Nəşriyyat Evindən APA-ya verilən məlumata görə, əsərlərini rus dilində qələmə alan Elçin Səfərli kitabları postsovet məkanı ölkələrində və Türkiyədə ən çox satılan yazıçılardandır. O, müasir Azərbaycan ədəbiyyatını dünyada uğurla təmsil edən qələm sahiblərindən biridir.

“TEAS Press” Nəşriyyat Evi uzun müddətdir ki, ölkədən kənarda yaşayan məşhur azərbaycanlı yazıçının kitablarının Azərbaycan dilində nəşri missiyasını üzərinə götürməklə ədəbiyyatımıza böyük töhfə verəcəyini düşünür.

Elçin Səfərli əsərlərinin yaxınlarda Azərbaycan dilində çap olunacağından fəxr etdiyini bildirib: “Bu mənim çoxdankı arzum idi. Digər sevindirici məsələ kitablarımın “TEAS Press” Nəşriyyat Evi tərəfindən çap edilməsidir. Bu peşəkar komanda ilə bu yaxınlarda tanış olmuşam və bundan çox məmnunam. Arzuma çatdım”.

Elçin Səfərli 2008-ci ildən yaradıcılığa başlayıb, bu günə kimi xaricdə 15-dən çox kitabı böyük tirajla çap edilib. “Bosforun şirin duzu” adlı ilk kitabı ona böyük şöhrət qazandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR