Azərbaycanda taksi xidmətindən istifadə sayı 27 milyondan çox olub

Azərbaycanda taksi xidmətindən istifadə sayı 27 milyondan çox olub
# 14 iyun 2018 11:35 (UTC +04:00)

Cari ilin yanvar-aprel ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 88,7 mln. ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 0,9% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yüklərin 4,0%-i dəniz, 6,2%-i dəmir yolu, 0,1%-i hava, 62,6%-i avtomobil nəqliyyatı, 27,1%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 1,8% artıb, daşınmış yüklərin ümumi həcmində onların xüsusi çəkisi 80,7% təşkil edib.

Bu ilin yanvar-may aylarında nəqliyyatçılar 779,3 mln. nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,4% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,0%-i avtomobil nəqliyyatı, 12,8%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-may ayları ərzində 5,5 mln. ton yük, 1052,4 min sərnişin daşınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 8,1% azalma, sərnişin daşınmasında isə 3,5% artım müşahidə olunub.

Orta hesabla sutkada 327 vaqon yüklənib, 391 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 12,4 min ton, qərb istiqaməti üzrə 4,8 min ton, cənub istiqaməti üzrə isə 0,6 min ton yüklənmə işi yerinə yetirilib.

Dəniz nəqliyyatı ilə 2018-ci ilin yanvar-may aylarında daşınmış yüklərin həcmi 3543,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,3% artıb. Yüklərin 53,9%-ni neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 4100,7 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 3876,8 min tonunu və ya 94,5%-ni tranzit yüklər təşkil edib. Cari ilin iyun ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 94,6 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 25,9% azalaraq 6,0 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatına gəlincə, bu nəqliyyat sektorunda 55,6 mln. ton yük, 677,9 mln. sərnişin daşınıb və 2017-cı ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,6% və 1,4% artım qeydə alınıb. Sərnişinlərin 96,0%-i avtobus, 4,0%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,7%, sərnişin dövriyyəsi isə 1,4% artıb.

Bundan başqa, metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2,0% artaraq 99,5 mln. nəfər olub.

Qeyd olunan dövr ərzində hava nəqliyyatı ilə 828,3 min və ya 5,5% çox sərnişin daşınıb, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 39,2% artaraq 88,7 min tona çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR