Qəbələdə FHN əməkdaşlarının beşnövçülük üzrə respublika çempionatı başa çatıb

Qəbələdə FHN əməkdaşlarının beşnövçülük üzrə respublika çempionatı başa çatıb
# 12 iyul 2018 14:24 (UTC +04:00)

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında beşnövçülük üzrə keçirilən respublika çempionatına yekun vurulub.

APA-nın yerli bürosunun xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun və FHN İşçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Mülki Müdafiə Qoşunlarının Qəbələ rayonundakı “N” saylı hərbi hissəsində keçirilən yarışda nazirliyinin müxtəlif qurumlarını təmsil edən 16 komandanın tərkibində 80 idmançı iştirak edib.


İdmançılar iyulun 9-dan 12-dək davam edən yarışların maneələr zolağı, turnikdə güc çalışmaları, atıcılıq, xilasetmə üzgüçülüyü və dağa dırmanma mərhələləri üzrə bacarığını nümayiş etdirib. Əvvəllər ölkəmizdə bu yarışlar iki mərhələ üzrə keçirilib. Lakin, artıq iki ildir ki, FHN əməkdaşlarının ölkə çempionatının proqramına dağa dırmanma, turnikdə güc çalışmaları və maneələr zolağı növləri əlavə edilib. Bu idman növləri iştirakçılardan daha çətin şəraitdə güc və bacarıq nümayiş etdirmək, gərgin mübarizə aparmaq tələb edib.

FHN-in İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev, FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək ölkəmizdə hər il keçirilən və böyük marağa səbəb olan bu yarışın əhəmiyyətindən, idmanın inkişafı istiqamətində görülən işlərdən, FHN əməkdaşlarının uğurlarından danışıblar.


Bildirilib ki, FHN əməkdaşlarının baş verə biləcək fövqəladə hadisələrə hazırlığını bir daha yoxlamaq məqsədilə dağlıq və meşəlik ərazidə, çətin şəraitdə keçirilən bu yarışda FHN-nin İdman Sağlamlıq Klubunun əməkdaşı Rəşad Kəsəmənli qızıl, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Məmməd Cəfərzadə gümüş, Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Orxan İsgəndərov bürünc medal qazanıb. Həmçinin, əldə etdiyi yaxşı nəticələrə görə FHN-nin Akademiyasının komandası birinci, FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin komandası ikinci, FHN-nin Mülki Müdafiə Qoşunlarının komandası üçüncü yeri tutub. İdmançılara diplom, kubok, medallar və qiymətli hədiyyələr təqdim edilib.


Məlumat verilib ki, FHN-in İdman Sağlamlıq Klubunun təşkilatçılığı ilə ənənəvi olaraq hər il Qəbələdə FHN əməkdaşları arasında səmti müəyyən etmə idman növü üzrə də ölkə çempionatı keçirilir.

FHN-in qurumları arasında keçirilən beşnövçülük Azərbaycan çempionatının uğurla başa çatdığını nəzərə alan yarışların Təşkilat Komitəsi bu idman tədbirini ənənəvi olaraq hər il keçirməyi qərara alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR