Azərbaycanda elektron ticarət 1,5 dəfə artıb

Azərbaycanda elektron ticarət 1,5 dəfə artıb
# 10 mart 2015 08:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 3,5 mlrd. manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,5% çox əmtəə satılıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, satılmış istehlak mallarının 50,1%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9%-ni qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi keçən ilin yanvar-fevral ayları ilə müqayisədə 3,3% bəndi artıb.

Bu ilin ilk iki ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-fevral aylarına nisbətən 1,5 dəfə artaraq 1688,7 min manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 92,7%-ni hüquqi şəxslərin, 7,3%-ni fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 95,9%-ni qeyri-ərzaq malları təşkil edib.

Bu ilin yanvar-fevral aylarında ictimai iaşə dövriyyəsinin həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 14,3% artaraq 141,7 mln. manat olub. Hüquqi şəxslərin iaşə obyektləri üzrə dövriyyənin həcmi 60,4 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 81,3 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR