Tbilisidə keçirilən etiraz aksiyaları zamanı 63 nəfər saxlanılıb - FOTO - VİDEO - YENİLƏNİB-5

Tbilisidə keçirilən etiraz aksiyaları zamanı 63 nəfər saxlanılıb  - FOTO  - VİDEO  - YENİLƏNİB-5
# 01 may 2024 10:15 (UTC +04:00)

Ötən gün Tbilisidə parlament binasının qarşısında keçirilən etiraz aksiyaları zamanı 63 nəfər "xuliqanlıq və polisin qanuni tələbinə məhəl qoymama" səbəbilə saxlanılıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan DİN-in nümayəndəsi Aleksandre Daraxvelidze keçirdiyi brifinqdə bildirib.

O, daha 6 polis əməkdaşının qarşıdurma zamanı yaralandığını açıqlayıb.

***

01:19

Tbilisidə Rustaveli prospektindən ətraf küçələrə dağılışan etirazçılar paytaxtın ən işlək avtomobil yolu olan Qamsaxurdiya prospektini bağlayıblar.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, nəticədə paytaxtın bu hissəsində avtomobillərin hərəkəti iflic vəziyyətə düşüb, avtobuslar və minik maşınları yolda qalıblar.

Prospektdə uzun tıxac yaranıb.

***
00:23

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən aksiyada xüsusitəyinatlı polis Rustaveli prospektinin etirazçılardan təmizlənməsi istiqamətində əməliyyatı davam etdirir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, asayış keşikçiləri su şırnağından, gözyaşardıcı qazdan, qaz bombalarından və bibər qazı spreyindən istifadə edir

Parlament binasının qarşısı etirazçılardan təmizlənib. Minlərlə etirazçı hələ də ərazidə qalır.

***

23:41

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən aksiyada gərginlik artmaqda davam edir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, polis etirazçılara müdaxilə edərək gözyaşardıcı qazdan istifadə edib.

Etirazçılar polisə su şüşələri və müxtəlif vasitələr ataraq qarşılıq verdi.

Çox sayda saxlanılan var.

Ətraf küçələrə dağılışan etirazçılar yenidən parlamentin qarşısına toplanırlar

***
22:12

Gürcüstanda keçirilən aksiyada növbəti qarşıdurma baş verib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, parlament binasının arxa girişini tutan aksiyaçılar polis kordonunu yarmağa çalışıblar.

Polis bir neçə dəfə gözyaşardıcı qazdan istifadə edib, etirazçılardan bəzilərini saxlayıb.

Ərazidə vəziyyət gərgin olaraq qalır. Bir qrup aksiyaçı parlament binasından hökumət administrasiyasına yürüş edərək İnqoroqva küçəsini bağlayıb.

Ölkənin Daxili İşlər Nazirliyi etirazçılara müraciət edərək qanunla müəyyən edilmiş sərhədləri aşmamağa, polisin qanuni tələblərinə riayət etməyə çağırıb.


***
21:28

Gürcüstan parlamentinin qarşısında keçirilən aksiyada vəziyyət gərginləşib, polislə vətəndaşlar arasında qarşıdurma baş verib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, etiraçılar polisə su şüşələri atıblar. Aksiyaçılar "qullar" şüarı səsləndirirlər.

Hazırda minlərlə etirazçı parlamentin girişlərini tutmağa çalışır.


***
21:07

Gürcüstanın vətəndaş cəmiyyəti təşkilatları parlament binasının qarşısında hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi əleyhinə etiraz aksiyasını bərpa ediblər.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Rustaveli prospektini bağlayan etirazçılar hazırda parlamentin girişlərini tutmağa çalışırlar.

Əraziyə çox sayda xüsusi təyinatlı polis, eləcə də su şırnağı cəlb edilib.

Aksiyaçılar qanun layihəsinin lehinə səs verən 83 deputatın cavab verməli olduğunu bildirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR