Rəsul Cəfərov: “Müsabiqənin keçirilməsi və təşkilində hər hansı şübhəli məqam müşahidə etməmişik”

Rəsul Cəfərov: “Müsabiqənin keçirilməsi və təşkilində hər hansı şübhəli məqam müşahidə etməmişik”
# 29 iyun 2022 18:06 (UTC +04:00)

“Çox qürurluyam ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin məhz Şuşa ilində elan etdiyi Şuşa ilə bağlı müsabiqədə biz qalib gəldik”

Bunu APA-ya açıqlamasında "Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev bildirib.

Ayaz Mirzəyev deyib ki, vətəndaş cəmiyyəti təşkilatları üçün Şuşa ilində elan olunmuş layihə müsabiqəsində qalib gəlmiş təşkilatın rəhbəridir: "Bildiyimiz qədər layihələr tək-tək nəzərdən keçirilib və layihələrin Şuşa ilində verəcəyi səmərə, toxunacağı mövzular, Şuşa ilə bağlı formalaşacaq ab-havanı layihələrdə nə dərəcədə əks olunacağı barədə detallar da müzakirə edilib. Azad olunmuş ərazilərin mirvarisi sayılan Şuşa ilə bağlı layihələr xüsusi dəqiqliklə və obyektiv seçilib”.

Təşkilat sədri qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bizim Müzəffər Ordumuz torpaqlarımızı azad etdi: “Vətən müharibəsindəki qələbədən sonra bizim təşkilat çox aktual ola biləcək sənədli filmlər hazırladı. Bizim təşkilatın spesifikası odur ki, peşəkar komandamız var. Film çəkilişi, ssenari yazılması, rejissorlarımızla bağlı çox həssas yanaşırıq. Şuşa qəzeti, Şuşa teatrı, vətəndaşlarımızın Şuşaya geri qayıtması ilə bağlı filmlərimiz olub. Bizim Zəngilanla bağlı ayrıca filmimiz, Oxçuçayın çirkləndirilməsi ilə bağlı sənədli araşdırmamız olub. Xarici dildə onu beynəlxalq auditoriya ilə paylaşdıq. Eyni zamanda biz müqəddəs irs olan Tuğla bağlı da film hazırlamışıq. Yəni yaradıcı komandamız bir an belə dayanmayıb. Bütün bunlar bizim təşkilatın təcrübəsini əks elətdirir. Müsabiqəyə müraciət edəndə bütün bunları da təqdimat əsasında müsabiqənin təşkilatçılarına təqdim etdik. Təqdimat zamanı bir-bir filmlərimiz haqqında danışdıq, onları göstərdik, onların hazırlanma şəraiti və sxemi ilə bağlı məlumat verdik. Beynəlxalq auditoriyaya filmlərimizin çıxarılması barədə müzakirələr apardıq”.

Ayaz Mirzəyev müsabiqədə qalib gələn layihəsi barədə də məlumat verib: “Bizim layihəmiz Şuşanın maddi-mədəni irsinin, eyni zamanda da təhsil ocaqlarının erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılması ilə bağlıdır. Biz bununla bağlı sənədli film hazırlayacağıq, araşdırma edəcəyik, 2 ədəd sənədli film çəkəcəyik. Biz bu filmləri ən müasir texnikanın istifadəsi ilə ərsəyə gətirəcəyik”.

"Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri qeyd edib ki, bu dəfəki seçim turu tam şəffaf və kollegial əsasda həyata keçirilib: “Ən azından biz onu öz təşkilatımıza münasibətdə gördük. Layihəmizlə bağlı heç bir açıq sual qalmamışdı”.

"Bakı İnsan Hüquqları Klubu" İctimai Birliyinin sədri Rəsul Cəfərov isə APA-ya bildirib ki, Şuşa şəhərinin ölkəmiz və insanlarımız üçün əhəmiyyətini, həmçinin Şuşa şəhərinin tərənnüm edilməsinin zəruriliyini nəzərə aldıqda bu qrant müsabiqəsi vacib idi: “Müsabiqə vətəndaş cəmiyyəti subyektlərinə Şuşa ili ilə əlaqədar fəaliyyət həyata keçirməyə, öz layihələrinə dəstək qazanıb onları icra etməyə imkan vermiş oldu. Müsabiqənin elan edilməsi və təşkili prosesində bizim tərəfimizdən hər hansı şübhəli məqam müşahidə edilməyib. Müsabiqə elanında əks edilmiş qaydalara uyğun olaraq layihəmizi hazırlayıb təqdim etmişik və müəyyən edilmiş prosedurlarda sərbəst şəkildə iştirak edib layihəmizi əsaslandırmağa çalışmışıq. Biz layihəmizin təqdim olunması, onun əsaslandırılması və nəticədə seçilməsi prosesində tanışlıq və "otkat" kimi məsələlər kimi neqativ halları müşahidə etməmişik. Bizim təqdim etdiyimiz layihəyə münasibətdə yalnız müəyyən edilmiş qaydalar və meyarlar əsas götürülüb. Digər layihələr bizdə olmadığından onlara qiymət verə bilmirik”.

Rəsul Cəfərov hesab edir ki, QHT-lər üçün layihələrin hazırlanmasının ümumi qaydaları, meyarlar, qiymətləndirmə indikatorları, davamlılıq və digər vacib elementlər barədə yerli və xaricdən dəvət oluna biləcək peşəkar ekspertlər tərəfindən davamlı təlimlər keçirilə bilər: “Digər tərəfdən, QHT-lər layihələrin hazırlanması prosesinə bu sahədə bilik və təcrübəsi olan şəxsləri xidmət müqaviləsi əsasında cəlb edə bilərlər. Bu məqsədlərə nail olmaqdan ötrü ümumilikdə QHT-lərin resurslarının inkişafına töhfə verə biləcək addımlar da atılmalıdır. Məsələn, qanunvericiliyin təkmilləşdirilməsi, ianə sisteminin sadələşdirilməsi təmin olunmalıdır".

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov da təşkilatlarının qaliblər sırasında olduğunu söyləyib: “Təbii ki, bu, bizi sevindirir. Əlbəttə, layihəmizin büdcəsini 40% kəsməsəydilər, daha çox sevinərdik. Yəqin bunun səbəbi daha çox QHT-ləri dəstəkləmək qərarı olmuşdur. İndi məcbur olacağıq planlaşdırdığımız fəaliyyətləri 40% azaldaq”.

Sabit Bağırov qeyd edib ki, Agentliyin Müşahidə Şurasının üzvlərindən yarısını uzun illərdir tanıyır və onların şəffaflıq, hesabatlılıq və kollegiallıq prinsiplərinə sadiq olduqlarına şübhəm yoxdur”.

Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri bildirib ki, ümumən indiyə qədər QHT layihələrinin arasında yüksək keyfiyyətlisini, keyfiyyəti aşağı olanı da görüb: “Hamısını bir zənbilə atmaq olmaz. Güclü və öz missiyasını dərk edən, canıyananlılıqla fəaliyyət göstərənlər də var, zəifləri də az deyil. 2014-cü ildən başlayaraq QHT sektoru bütövlükdə çox ağır vəziyyətə salındı. 2014-cü ildən öncəki QHT fəallığını, müstəqilliyi mən şəxsən görə bilmirəm. O zamanlarda saysız tədbirlər, ictimai müzakirələr keçirilirdi. Vətəndaş Cəmiyyəti sözün əsil mənasında öz opponentlik rolunu oynaya bilirdi. Bu gün isə belə deyil. Mən buna çox heyfslənirəm. Hansı işlər görülməlidir? İlk növbədə mühit bərpa olunmalıdır. Qanunvericiliyə müvafiq düzəlişlər edilməlidir. Yalnız bu halda QHT-lər öz missiyalarını tam icra edə bilər. Ölkəmizin inkişafı naminə bu dəyişikliklər edilməlidir. Hər bir Dövlət, Hökumət qurumu öz arxasında ona opponentlik edən, hakimiyyət davası yox, məhz opponentlik edən QHT nəfəsini hiss etməlidir. Bu həmin qurumların şəffaflığını, hesabatlılığını və məsuliyyətini artırar və nəticədə onların effektivliyini getdikcə daha da yüksəldər”.

1 2 3 4 5 İDMAN XƏBƏR

III Sektor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR