Bakı-APA. Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzində QHT nümayəndələri üçün “Layihə təklifinin yazılışı” mövzusunda təlim təşkil edib.
Şuradan APA-ya verilən məlumata görə, təlimçilər Ziba Quliyeva və Şahin Rəcəbov iştirakçıları təlimin məqsəd və vəzifələri ilə tanış etdikdən sonra “Layihə anlayışı”, “Layihənin komponentləri”, ”Layihə təklifinin uğuru”, “Layihə təklifinin forması”, “Layihənin idarə olunmasının ümumi quruluşu və modeli”, “Layihə hazırlanması, planlaşdırılması və icrası”, “Layihənin uğursuzluqla nəticələnməsinin səbəbləri”, “Layihə təklifi paketinə əlavələr” mövzuları haqqında ətraflı məlumat veriblər.
QHT nümayəndələri təlimin keçirilməsinə görə Şuraya təşəkkürlərini bildirərək təmsil etdikləri təşkilatların ictimai aktuallıq kəsb edən problemlər və onların həlli ilə bağlı layihə hazırlama təcrübələri haqda fikirlərini açıqlayıblar. Təlimdə şərti layihə mövzuları müəyyənləşdirilərək praktik məşğələlər keçirilib.
İnteraktiv şəraitdə keçirilən təlimdə ekspertlər QHT təmsilçilərinin çoxsaylı suallarını cavablandırıb.
Təlimin sonunda layihə yaradıcılığının müxtəlif istiqamətləri haqqında müzakirələr və yekun qiymətləndirmə aparılıb.