Xoşbəxt Yusifzadə: “Azərbaycanın 10 mlrd. ton karbohidrogen ehtiyatı mövcuddur”

Xoşbəxt Yusifzadə: “Azərbaycanın 10 mlrd. ton karbohidrogen ehtiyatı mövcuddur”
# 20 sentyabr 2014 11:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda bu günə dəqiqləşdirilib təsdiq olunmuş çıxarıla bilən neft ehtiyatı 2 mlrd. ton, qaz ehtiyatı isə 2 trln. 550 mlrd. kubmetr həcmindədir.

APA-Economics”in məlumatına görə, bunu “Xalq” qəzetinə müsahibəsində Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, proqnozlaşdırılan neft ehtiyatı 2 mlrd. ton, qaz ehtiyatı isə 3 trln. 450 mlrd. kubmetrdir: “Başqa sözlə, Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən karbohidrogen ehtiyatı neft ekvivalentində 4 mlrd. 550 mln. ton, proqnoz karbohidrogen ehtiyatı isə neft ekvivalentində 5 mlrd. 450 mln. tondur ki, bunlar da üst-üstə neft ekvivalentində 10 mlrd. ton karbohidrogen ehtiyatı deməkdir”.

ARDNŞ rəsmisi qeyd edib ki, 2010-cu ildə ARDNŞ Xəzərdə yeni bir yataq - “Ümid” qaz-kondensat yatağını kəşf edib: “Yatağın karbohidrogen ehtiyatları 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmindədir. 2011-ci il sentyabrın 9-da isə Fransanın “Total” və “Gas de France” şirkətləri ilə ARDNŞ məlumat verdilər ki, onların əməkdaşlığı nəticəsində Xəzərin Azərbaycan sektorunda yeni bir iri qaz-kondensat yatağı - “Abşeron” kəşf edilib. Bu yatağın karbohidrogen ehtiyatları 350 milyard kubmetr qazdan və 45 milyon ton kondensatdan ibarətdir. “Abşeron” və “Ümid” yataqlarının kəşfi Xəzərin Azərbaycan sektorunda yeni neft-qaz yataqlarının açılması ehtimalını yüksəltdi. Əldə edilmiş yeni məlumatlar “Babək”, “Naxçıvan”, “Zəfər”, “Məşəl”, “Asiman”, “Şəfəq” strukturlarının perspektivliyinə inamı artırır. Şirkətin ilkin hesablamalarına görə, bu strukturlar üzrə karbohidrogen ehtiyatları 1,5 trln. kubmetr qaz və 225 mln. ton kondensat həcmindədir. Bundan əlavə, “Azəri-Çıraq-Günəşli” saziş sahəsində məhsuldar qatın alt çöküntülərinin qaz ehtiyatı 200-250 mlrd. kubmetr həcmində qiymətləndirilir”.

X. Yusifzadə bildirib ki, bununla yanaşı, Azərbaycanın dəniz və quru sahələrində daha dərində yatan və mürəkkəb geoloji quruluşa malik olan Mezozoy çöküntülərində neft-qaz yataqlarının axtarışı və kəşfiyyatı mühüm əhəmiyyət kəsb edir: “Bu da fəaliyyətimizin mühüm sahələrindən biridir. Görüləsi işlərimiz çoxdur və neftçilərimiz bu gün xüsusi bir ruh yüksəkliyi ilə çalışırlar. Çünki haralara baxırlarsa, öz əməklərinin bəhrəsini görürlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR