Azərbaycan prezidenti Bakıda parkın açılışında iştirak edib

Azərbaycan prezidenti Bakıda parkın açılışında iştirak edib
# 10 may 2013 14:47 (UTC +04:00)

APA-nın məlumatına görə, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov prezident İlham Əliyevə park kompleksi haqqında məlumat verib. Bildirilib ki, dövlət başçısının Bakıda park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən bu ərazidə xüsusi layihə əsasında müasir səviyyədə yeni istirahət kompleksi salınıb.

Diqqətə çatdırılıb ki, bu kompleks şəhərin içərisində ən böyük parkdır. Ərazisi 7 hektar olan parkın uzunluğu bir kilometr, eni isə 150 metrdir. Parkın 20 min kvadratmetrlik sahəsinə qranit və keramit plitələr döşənib. Burada ən müasir tələblərə cavab verən 5 fəvvarə kompleksi quraşdırılıb. Parkın girişində və çıxışında quraşdırılan fəvvarənin ətrafında oturacaqlar qoyulub.

Kompleksdə 7 yeraltı keçid inşa olunub. Keçidlərdə 24 eskalator quraşdırılıb.

Bundan başqa, avtomobillərini yeraltı dayanacaqda saxlayanların parka rahat qalxmaları üçün 14 lift fəaliyyət göstərəcək. Dayanacaqda piyadaların parka çıxışı üçün də 32 keçid var. Parkın işıqlandırma sistemi də müasirdir. Bunun üçün yeni yarımstansiya quraşdırılıb. Kompleksin inşası zamanı Səməd Vurğun, Füzuli, Mirzağa Əliyev və Şixəli Qurbanov küçələri genişləndirilib. Parkın ətrafındakı binalarda və ərazilərdə də əsaslı şəkildə abadlıq və quruculuq işləri indi də davam etdirilir. Füzuli küçəsindəki 39 nömrəli binanın sürüşdürülmə yolu ilə köçürülmə prosesi artıq başa çatıb.

Qeyd edilib ki, aparılan tikinti hesabına Şəmsi Bədəlbəyli küçəsi 770 metr uzadılaraq Azərbaycan Dövlət Dram Teatrının qarşısındakı meydana çatdırılıb. Bu yol birtərəfli və üçzolaqlı olacaq. Səməd Vurğun küçəsindən Dilarə Əliyeva küçəsinədək olan 212 metrlik ərazi də yenidən qurulub.

Prezident İlham Əliyev kompleksdə yaradılmış şəraitdən razılığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR