Türkiyənin Əmniyyət Genel müdiri Azərbaycan Dövlət Gömrük Komitəsində olub - FOTO

Türkiyənin Əmniyyət Genel müdiri Azərbaycan Dövlət Gömrük Komitəsində olub - <span style="color: red;">FOTO
# 24 oktyabr 2013 14:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkiyənin Əmniyyət Genel müdiri Mehmet Kılıçların rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, S.Mehdiyev bildirib ki, Azərbaycanın xarici iqtisadi siyasətində Türkiyə Cümhuriyyəti ilə əlaqələrin daha da genişləndirilməsi vacib amil kimi daim diqqət mərkəzində saxlanılır.

Müstəqil Azərbaycanın gömrük xidmətinin keçdiyi inkişaf yoluna qısaca nəzər salan komitə sədrinin birinci müavini istər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışıb, qanunvericilik bazasının möhkəmləndirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.

İki qardaş ölkənin gömrük qurumları arasında əlaqələrə gəlincə, S.Mehdiyev əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, xüsusilə qarşılıqlı təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib. O, Azərbaycan gömrük xidmətində qaçaqmalçılıqla, xüsusilə narkotiklərlə mübarizə istiqamətində Türkiyə təcrübəsinin tətbiqinin bu sahəyə müsbət təsirindən danışıb, bu istiqamətdə qardaş ölkənin həm gömrük orqanları, həm də əmniyyət müdirliyi ilə qarşılıqlı əməkdaşlığın əhatə dairəsinin daha da genişləndirilməsinin, həyata keçirilən tədbirlərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini bildirib.

Azərbaycan iqtisadiyyatında əldə olunan nailiyyətlərdən söhbət açan DGK sədrinin müavini xarici iqtisadi münasibətlərdə Türkiyənin Azərbaycan üçün xüsusi önəm daşıdığını bildirərək, ümumilikdə qardaş ölkənin respublikamızla iqtisadi əlaqələrdə öncül yerlərdə qərarlaşdığını məmnunluqla diqqətə çatdırıb.

Türkiyə Əmniyyət Genel müdiri M.Kılıçlar Azərbaycana səfərindən, eləcə də respublikamızda sürətli iqtisadi inkişaf tempindən xeyli məmnun qaldığını diqqətə çatdırıb. İqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edən M.Kılıçlar iki ölkənin uyğun qurumları arasında qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyətindən razılığını bildirib, təcrübə mübadiləsinin ümumi işə faydasından bəhs edib.

Türkiyəli qonaq eyni zamanda qaçaqmalçılıqla, xüsusilə narkotiklərlə mübarizə istiqamətində hər iki ölkənin uyğun qurumlarının qarşılıqlı fəaliyyətinin vacibliyinə diqqəti yönəltmiş, birgə əməkdaşlığın gələcək perspektivlərindən söhbət açmışdır.

Görüşdən sonra qonaqlar DGK-da “Hədəf” Mərkəzinə baxış keçiriblər. Bildirilib ki, BMT İnkişaf Proqramının Azərbaycan gömrük xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə yaradılan “Hədəf” Mərkəzinin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir. Bu görüntülər yerlərdə quraşdırılan 800-dək kamera vasitəsilə birbaşa Mərkəzə ötürülür və buradakı 20 monitorla izlənilir.

Sonra Türkiyənin Əmniyyət Genel müdiri M.Kılıçların rəhbərlik etdiyi nümayəndə heyəti Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində olub, ofisin üstün imkanlarından, texniki təchizatından razılıqlarını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR