Kəlbəcər şəhərinin əhalisi 2040-cı ilə qədər 17 min nəfərə çatacaq

Kəlbəcər şəhərinin əhalisi 2040-cı ilə qədər 17 min nəfərə çatacaq
# 03 may 2024 11:52 (UTC +04:00)

Kəlbəcər şəhərinin əhalisi 2040-cı ilə qədər 17000 nəfərə çatacaq.

APA-nın xəbərinə görə, bu, “Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı”nda əksini tapıb.

Kəlbəcər şəhərinin şəhərin işğala qədərki (1969-cu ildə tərtib edilən) son Baş Planında ərazisi 130 ha, əhalisinin sayı isə 7500 nəfər təşkil etdiyi halda, 2040-cı ilədək inkişaf konsepsiyasına uyğun olaraq bu rəqəmlər iki dəfədən çox artacaq (290 hektara yaxın ərazi, 17000 nəfər əhali). Şəhərin mərkəzi ortamərtəbəli çoxmənzilli və inzibati binalardan ibarət olacaq. Ətrafda isə fərdi yaşayış evlərinin tikintisi aparılacaq. Şəhərin ümumi yaşayış fondu 488 min m² təşkil edəcək ki, bunun da böyük hissəsi (421 min m²) fərdi yaşayış evlərinin, 46 min m²-i isə ortamərtəbəli yaşayış binalarının payına düşəcək. Ümumən 2040-cı ilədək əhalinin 4250 mənzillə (adambaşına 25 m²) təmin olunması nəzərdə tutulub.

Şəhərdə həmçinin 4 məktəb (960 şagird yerlik), 4 uşaq bağçası (520 yerlik), 2 xəstəxana (160 çarpayılıq), 1 reabilitasiya mərkəzi (150 çarpayılıq), İşğal və Zəfər muzeyləri, mehmanxanalar, müxtəlif ictimai-iaşə obyektləri və idman meydançalarının tikintisi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR