“Neft Daşları”nda neftyığma məntəqəsi tikilir

“Neft Daşları”nda neftyığma məntəqəsi tikilir
# 02 iyul 2014 12:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) “Neft Daşları” yatağında İriləşdirilmiş Neftyığma Məntəqəsi tikir.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, İriləşdirilmiş Neftyığma Məntəqəsinin tikintisi” obyekti üzrə işlər ARDNŞ-nin “Neftqaztikinti” tresti tərəfindən davam etdirilir.

“Neft Daşları” NQÇİ-nin köhnəlmiş İriləşdirilmiş Seperasiya Qurğularının yeniləri ilə əvəz edilməsi, Xəzər dənizinin neft məhsulları ilə çirklənməsinin qarşısının alınması üçün mərkəzləşdirilmiş qaydada lay sularının yığılması və utilizasiyası sistemlərini yaratmaqla ətraf mühitin mühafizəsini təmin etmək məqsədi ilə həyata keçirilən inşaat işləri dörd buraxılış kompleksindən - 1A və 2A saylı İriləşdirilmiş Seperasiya Qurğularının tikintisi, Mərkəzi Neftyığma Məntəqəsinin tikintisi, 3A və 4A saylı İriləşdirilmiş Seperasiya Qurğularının tikintisi və 5 və 5A saylı İriləşdirilmiş Seperasiya Qurğularının tikintisi komplekslərindən ibarətdir.

Hazırda 1A və 2A saylı İriləşdirilmiş Seperasiya Qurğularının və Mərkəzi Neftyığma Məntəqəsinin tikintisi üzrə işlər davam etdirilir. 1A və 2A saylı İriləşdirilmiş Seperasiya Qurğuları yerləşən meydançaların hidrotexniki hissəsi tikilib başa çatdırılıb. Texnoloji avadanlıqların quraşdırılması və müxtəlif diametrli borularla əlaqələndirilməsi işləri yekunlaşmaq üzrədir.

Bundan başqa, Mərkəzi Neftyığma Məntəqəsi yerləşən meydançanın hidrotexniki hissəsi də tikilib başa çatdırılıb və müxtəlif diametrli borularla neft və lay suyu xətləri çəkilib. Mərkəzi Neftyığma Məntəqəsi ilə Əmtəə Çənləri Parkı arasında uzunluğu 5500 metr olan 8 düyməlik maye xəttinin çəkilişi və nasosxana binasında işlər yekunlaşmaq üzrədir. 1A və 2A saylı İriləşdirilmiş Seperasiya Qurğularının və Mərkəzi Neftyığma Məntəqəsinin tikintisinin bu ilin sonunda başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, tikinti-quraşdırma işləri “Neftqaztikinti” trestinin 7 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR