BMT və Azərbaycan hökuməti 2015-ci ildən sonrakı dayanıqlı inkişaf məqsədlərini müəyyənləşdirmək üçün əməkdaşlıq edir

BMT və Azərbaycan hökuməti 2015-ci ildən sonrakı dayanıqlı inkişaf məqsədlərini müəyyənləşdirmək üçün əməkdaşlıq edir
# 20 iyun 2013 08:35 (UTC +04:00)

BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi,

BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi

Bakı – APA. Azərbaycan 2000-ci ilin sentyabrında 189 üzv-ölkə ilə birgə BMT sammitində 2015-ci ilədək insanların yaşayışında fərqlilik yaratmaq üçün ümumi çərçivəni müəyyən edən səkkiz Minilliyin İnkişaf Məqsədlərinin (MİM) təsbit olunduğu Minilliyin Bəyannaməsini qəbul edib.

MİM-lərə nail olmaq üçün son müddət yaxınlaşdıqca, 2015-ci ildən sonrakı yeni inkişaf çərçivəsini planlaşdırmaq üçün BMT və dünya liderləri tərəfindən tətbiq ediləcək ümumi baxışların qurulmasına kömək etmək məqsədli, Birləşmiş Millətlər Təşkilatı hökumətlərlə, elm mərkəzləri ilə, özəl sektorla, vətəndaş cəmiyyəti və digər tərəfdaşlarla birgə iş aparır.

MİM-lər hökumətlərin siyasət formalaşmasına daxil edilmiş və dünyada yüz milyonlarla insanın yaşayış səviyyəsini dəyişmişdir. Müəyyən zaman çərçivəsinin qoyulması və nəticələrə yönəlmə yanaşmasını tətbiq etməklə MİM-lər beynəlxalq inkişaf siyasətlərinə dərin təsir göstərmişdir. Diqqəti məhdud sayda ölçülə bilən hədəflərə yönəltməklə MİM-lər beynəlxalq yardımı artırmağa və onu daha səmərəli şəkildə yönləndirməyə, qlobal və milli prioritetləri müəyyənləşdirməyə, fəaliyyəti səfərbər etməyə və nəzərəçarpan nəticələrə nail olmağa kömək etmişdir.

Səkkiz xüsusi və yüksək öhdəliklərə yönələn MİM-lərə kəskin yoxsulluğu və aclığı aradan qaldırma, ümumi ibtidai məktəb təhsili almasına nail olma, ana və uşaq ölümü səviyyəsini azaltma və malyariya, vərəm və QİÇS kimi ölümcül xəstəliklərlə mübarizə və sairə aiddir. Bir çox ölkələrdə 2015-ci ilədək bu məqsədlərdən bəzilərinə nail olunacağı gözlənilir və bir sıra ölkələrdə əksəriyyəti və ya hamısı icra ediləcək. BMT-nin statistik məlumatlarına və Dünya Bankının hesablamalarına görə, dünyada kəskin yoxsulluq səviyyəsi yarıya qədər azalmışdır və bu məqsədə nail olunacaq, belə ki, inkişaf etməkdə olan ölkələrdə kəskin yoxsulluq həddində yaşayan əhalinin payının 29%-dən (1990-cı il) 12%-ə (2015-ci il) qədər azalacağı proqnozlaşdırılır. Dünya ibtidai təhsildə qızlar və oğlanlar arasında tarazlığa nail olmuşdur və həmçinin daha yaxşı su mənbələrinə çıxışı olmayan insanların sayını yarıyadək azaltma hədəfinə nail olunmuşdur - iki milyard insan təmiz içməli suya çıxış imkanı əldə etmişdir.

Lakin dünyada çətin nail oluna bilən kimi görünən və qarışıq uğurlar və ləngimələrin olduğu bir neçə MİM-ə (məsələn, uşaq ölümü hallarının azaldılması) 2015-ci ilə kimi çox güman ki, nail olmaq mümkün olmayacaq. 2013-cü ilin aprelində, Birləşmiş Millətlər Təşkilatı beynəlxalq ictimaiyyətə səhiyyə, təhsil, enerji və sanitariya şəraitinin yaxşılaşdırılması sahələrində hədəflərə yönələn sərmayələri artırmaqla məqsədlərə doğru irəliləyişi intensivləşdirməyi, qadınların və qızların səlahiyyətlərini genişləndirməyi, diqqəti əhalinin az təminatlı qruplarına yönəltməyi, yardımlarla bağlı öhdəliklərə dəstək göstərməyi və hökumətlərin dəyişiklik üçün sadə insanlara yönələn səylərini yenidən canlandırmağı tövsiyə edərək, hökumətləri, beynəlxalq təşkilatları və vətəndaş cəmiyyəti qruplarını səkkiz məqsədə nail olmaq üçün növbəti 1000 gün ərzində fəaliyyətlərini sürətləndirməyə çağırmışdır.

2015-ci ildən sonrakı Əsas İnkişaf Məsələləri və Dayanıqlıq İnkişaf Məqsədləri

2010-cu ilin sentyabrında MİM-lər üzrə sammitdə BMT-yə üzv ölkələr 2015-ci ildən sonrakı inkişaf çərçivəsini ön plana çəkilməsi üçün addımlar atmışlar. 2011-ci ilin mart ayında BMT-nin İqtisadi və Sosial Şurasında bu mövzunun müzakirəsindən sonra 2015-ci ildən sonrakı proqram üzrə araşdırmalara başlanılmışdır.

2012-ci ilin iyun ayında Braziliyanın Rio-de-Janeyro şəhərində Dayanıqlı İnkişaf üzrə BMT Sammitində (Rio+20) üzv-ölkələr, dayanıqlı inkişafın həyata keçirilməsi üçün praktiki tədbirləri müzakirə etmişlər və Minilliyin İnkişaf Məqsədlərinin uğurları üzərində qurulacaq və 2015-ci ildən sonrakı İnkişaf Çərçivəsinə uyğunlaşdırılacaq bir sıra Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM-lər) formalaşdırılması prosesinə başlamaq üçün razılığa gəlmişlər.

Gələcək qlobal inkişaf səyləri üçün istiqamətləri müəyyənləşdirmək və Rio+20 sammitində müəyyən olunmuş DİM-lərin necə bir yerə toplanmasına dair tövsiyələri işləyib hazırlamaq məqsədilə baş katib İndoneziya prezidentinin, Liberiya prezidentinin və Birləşmiş Krallığın baş nazirinin həmsədrlik etdikləri və vətəndaş cəmiyyəti, özəl sektor, habelə hökumət liderlərindən ibarət olan Yüksək Səviyyəli İşçi Qrupu təsis etmişdir.

2012-ci ilin avqust ayından bəri bir çox məkanlarda dayanıqlı inkişaf məqsədlərinin yeni nəslinin müəyyənləşdirilməsi üzrə geniş tərkibdə müzakirələrə, fikir mübadilələrinə və məsləhətləşmələrə başlanılmışdır. Prosesin MİM-lərin çərçivə qismində çıxış etməsinə dair tənqidi qiymətləndirmə üzərində qurulmasını təmin etməklə, xüsusilə meydana çıxmaqda olan qlobal inkişaf məsələlərinə cavab olaraq əldə olunan nailiyyətləri və təkmilləşdirməyə ehtiyac duyulan sahələri müəyyənləşdirməklə BMT 2015-ci ildən sonrakı inkişaf çərçivəsi üzrə açıq və əhatəli məsləhətləşmə prosesini aparmaq üçün hökumətlər, özəl sektor, vətəndaş cəmiyyəti, alimlər, beyin mərkəzləri və digər tərəfdaşlarla birgə iş aparır.

BMT 189 ölkədə bir sıra misilsiz qlobal tematik və milli səviyyədə aparılan məsləhətləşmələrə dəstək göstərmişdir. Burada məqsəd 2015-ci ildən sonrakı inkişaf hədəflərinin müəyyənləşdirilməsi üzrə insanların baxışlarını öyrənmək idi. Prosesə mümkün qədər çox insan cəlb etmək üçün 2015-ci ildən sonrakı İnkişaf Çərçivəsi ilə bağlı müzakirələr rəqəmsal media, mobil telefon cihazları və konfranslar vasitəsilə aparılır. Məsləhətləşmələrin iştirakçıları 2015-ci ildən sonrakı inkişaf proqramında yeni meydana çıxan və təxirəsalınmaz məsələlərin necə əhatə olunmasına dair fikirləri istiqamətləndirməyə kömək edəcək idarəçilik, artım və məşğulluq, ərzaq təhlükəsizliyi, içməli suya çıxış imkanı kimi inkişafla bağlı müxtəlif məsələlər üzrə on bir mövzuya dair məsləhətləşmə qrupları çərçivəsində “Bizim İstədiyimiz Dünya” veb-saytı (http://www.worldwewant2015.org) vasitəsilə öz ideyalarını irəli sürməkdə davam edirlər. İnsanlar həmçinin “My World” (Mənim Dünyam) adlı onlayn sorğular (http://www.myworld2015.org) (və ya buna alternativ olaraq çap olunmuş səsvermə kartları) vasitəsilə 16 prioritetdən altısına səs verməyə dəvət olunurlar. Öz icmalarında inkişaf üçün prioritetlər kimi nəyi gördüklərinə dair məsləhətləşmə aparmaq məqsədilə adətən qlobal proseslərdən kənarda qalan qrupları (məsələn, qadınlar, yerli əhalidən ibarət olan müxtəlif icmalar, gənclər, əlilliyi olan insanlar) cəlb etmək üçün xüsusi səylər göstərilir.

Qlobal və milli məsləhətləşmələrdən irəli gələn əsas perspektivlər ondan ibarətdir ki, hazırkı MİM-lər çox münasib olaraq qalır, lakin onlar həm keyfiyyət, həm də onlar arasında qarşılıqlı əlaqə baxımından genişləndirilməli və dərinləşdirilməlidir. İlkin nəticələrdə gələcək inkişaf proqramı üçün üç prioritet müəyyən olunmuşdur:

1) MİM-lər üzrə irəliləyiş sürətləndirilməli və ölkələr daxilində bərabərsizliklərin artması və qloballaşmanın təsiri kimi müasir geniş miqyaslı əngəllərə uyğunlaşdırılmalıdır;

2) ətraf-mühitin korlanması, işsizlik və zorakılıq kimi problemləri həll etmək üçün bu məsələlərin yöndəmə daxil olunmağına ehtiyac vardır;

3) insanlar həm inkişaf çərçivəsinin işlənib hazırlanmasında, həm də 2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin yerinə yetirilməsinə nəzarət olunmasında iştirak edirlər.

Qlobal məsləhətləşmələr vasitəsilə toplanmış ideyalar və prioritetlər, iki həftə əvvəl Baş Katibə təqdim olunan 2015-ci ildən sonrakı İnkişaf Çərçivəsi üzrə Görkəmli Şəxslərin Yüksək Səviyyəli İşçi Qrupunun Hesabatında öz əksini tapmışdır. Hesabatda MİM-lər üzərində qurulan bir ümumi çərçivəyə dair geniş baxışlar yer alır, yoxsulluğun aradan qaldırılması önə çəkilir və dayanıqlı inkişafın iqtisadi, sosial və ətraf-mühit tərəflərinin tam şəkildə daxil edilməsinə dair tövsiyələr verilir və idarəçilik və sülh və təhlükəsizlik məsələlərinə diqqət yetirilir. Hesabatda belə təklif olunur ki, yeni inkişaf çərçivəsində aşağıdakı beş dəyişiklik məqsəd kimi qarşıya qoyulmalıdır:

1) heç kimin geridə qalmaması;

2) dayanıqlı inkişafın önə çəkilməsi;

3) ölkələrin iqtisadiyyatlarını məşğulluq və inklusiv artım üçün dəyişdirmək;

4) sülhü bərqərar etmək və effektiv, açıq və məsul təşkilatlar yaratmaq;

5) yeni qlobal tərəfdaşlığı təşviq etmək.

Dayanıqlı inkişaf yalnız məqsəd deyil. O, dinamik uyğunlaşma, öyrənmə və fəaliyyət prosesidir. Bu qarşılıqlı əlaqələrin - hər şeydən əvvəl iqtisadiyyat, cəmiyyət və ətraf mühit arasında qəbul edilməsini, başa düşülməsini və buna uyğun fəaliyyətin göstərilməsidir. Üzv-ölkələr təsdiqləmişlər ki, MİM-lərlə müqayisədə DİM-lərə qlobal səviyyədə nail olunmalı və onlar yoxsulluğun aradan qaldırılmasından kənara çıxan ölçülərə malik olmalıdırlar (təbii resurslar, istehlak, istehsal, enerji və s.). Yeni inkişaf məqsədləri fəaliyyət yönümlü, yığcam, asanlıqla izah edilən və çatdırıla bilən, sayca məhdud, mahiyyətinə görə qlobal və milli inkişafın müxtəlif səviyyələrini nəzərə almaqla milli siyasətlərə və prioritetlərə hörmətlə yanaşmaqla bütün ölkələr tərəfindən yerinə yetirilə bilən olmalıdır.

Azərbaycanda milli məsləhətləşmələr

Azərbaycan 2015-ci ildən sonrakı inkişafa dair milli dialoqlara başlamış 87 ölkəyə qoşulmuşdur. Azərbaycan xalqının yaşamaq istədiyi dünyaya dair baxışlarını müəyyən etmək üçün geniş tərkibdə maraqlı tərəfləri cəlb edərək məsləhətləşmələrə 2013-cü ilin mart ayında başlanılmış və bu məsləhətləşmələr iyun ayında da davam edir.

Milli məsləhətləşmə prosesi 2020-ci ilədək ÜDM-ni iki dəfə artırmaq və Azərbaycanı yüksək gəlirli ölkəyə, eyni zamanda, yüksək insan inkişafı, qrupun ən inkişaf etmiş ölkələr sırasında olmaq məqsədilə növbəti səkkiz il ərzində hökumətin siyasətlərini istiqamətləndirəcək “Azərbaycan 2020: Gələcəyə Baxış” inkişaf konsepsiyasında müəyyən edilmiş inkişaf prioritetləri ilə yanaşı aparılır.

BMT agentlikləri, milli və beynəlxalq tərəfdaşlar və maraqlı tərəflərlə birgə aparılan 237 müzakirələr vasitəsilə ümumilikdə 2402 nəfəri cəlb etmişdir. Həm şəhər, həm də kənd yerlərində kişilərə və qadınlara, oğlanlara və qızlara 2015-ci ildən sonrakı inkişaf çərçivəsinin işlənib hazırlanması üzrə qlobal müzakirələri istiqamətləndirməyə kömək edəcək müxtəlif mühüm sualları özlərinə vermək tövsiyə olunmuşdur.

Ötən üç ay ərzində Azərbaycanda BMT sistemi ilk dəfə olaraq insanların dünya və istədikləri gələcəklə bağlı öz fikirlərini bildirmələri və arzularını bölüşmələri üçün vahid özünəməxsus məkanları təmin etmişdir. Geniş və əhatəli məsləhətləşmələr müxtəlif inkişaf məsələlərini həll etmək üçün alimləri, beynəlxalq inkişaf tərəfdaşlarını, beyin mərkəzlərini, özəl sektoru, sahibkarları, biznes assosiasiyalarını, jurnalistləri, QHT-ləri bir araya gətirmiş və aztəminatlı qruplara, gənclərə və qadınlara (xüsusilə kənd ərazilərində), uşaqlara, əlilliyi olan insanlara, məcburi köçkünlərə xüsusi diqqət yetirilməklə müxtəlif əhali qruplarını bu prosesə cəlb etmişdir. Bunlar aşağıdakılardır:

- iqtisadiyyatın şaxələndirilməsi və ümumi artım;

- ictimai birlik;

- gender bərabərliyi və kənd/rayon yerlərində yaşayan qadınların imkan və səlahiyyətlərinin genişləndirilməsi;

- gənclərin səlahiyyətləndirilməsi (xüsusilə kənd /rayon yerlərində);

- özəl sektor, məşğulluq (və məşğulluğa aparan təhsil) və iş yerlərinin açılması;

- ərzaq təhlükəsizliyi və qidalanma, habelə kənd / rayon yerlərinin inkişafı;

- əhalinin artım dinamikası;

- miqrasiya və insan alveri;

- səhiyyə problemləri (o cümlədən reproduktiv sağlamlıq, qeyri-yoluxucu xəstəliklər, vərəm, HİV, malyariya).

Məsləhətləşmə prosesi əhalinin firavan, bərabər və ləyaqətlə yaşamasına kömək etmək məqsədini daşıyacaq yeni inkişaf çərçivəsinin müəyyən olunmasında müxtəlif səslərin eşidilməsini təmin etmişdir. Azərbaycanda 2015-ci ildən sonrakı inkişaf üzrə milli məsləhətləşmələrdə iştirak etmiş yüzlərlə insan öz fikirlərini bildirməyə həvəsləndirilmişdir. İştirakçıların böyük hissəsi MİM-lərə nail olması üçün əlverişli mühit yaratmış geniş tərkibdə milli siyasətlərin və davamlı iqtisadi inkişafın olduğunu etiraf edərək Azərbaycanda hətta bir neçəsi (1-ci MİM və 2-ci MİM) vaxtından əvvəl yerinə yetirilməklə MİM-lərə doğru irəliləyişi qeyd etmişlər.

Məsləhətləşmələrdə iştirak edənlər yekdilliklə söyləmişlər ki, növbəti illərdə Azərbaycanı dinamik qənirsizlik mərkəzinə çevirmək məqsədilə ötən onillikdə ölkədə əldə olunan sürətli artımı və nailiyyətləri daha da davamlı etmək üçün səylər gücləndirilməlidir. “Azərbaycan insan kapitalı formalaşmasında zənginlik yaratmaq üçün yatırımlarını daha da artırmalı və ixtisaslı peşəkarlar yetişdirməklə üstünlük mərkəzinə çevrilməyə səy göstərməlidir” - Bərdədə regional məsləhətləşmə zamanı orta yaşlı kişi iştirakçı tərəfindən söylənilən bu sözlər müsahibə və məsləhətləşmələrdə iştirak edənlərin böyük əksəriyyətinin arzularını əks etdirir.

Məsləhətləşmələr canlı müzakirələrə çevrilmişdir və üç aylıq dinamik və əhatəli milli məsləhətləşmə prosesindən yaranan bu ilkin ideyalar, təkliflər və ən mühüm məsələlər Azərbaycanda dayanıqlı inkişafın müxtəlif perspektivlərini göstərir. Ümumi ideyalar və tövsiyələr 2015-ci ildən sonrakı inkişaf üzrə ölkə veb-saytında (www.post2015.az) yerləşdiriləcəkdir.

Əhalidən əldə olunan dəlillər və təkliflər cümə günü - 21 iyun tarixdə keçiriləcək seminarda ümumiləşdiriləcəkdir. Bu seminar müxtəlif fikir mübadiləsindən irəli gələn fikirləri və əsas məqamları bölüşmək üçün forum qismində çıxış edəcək və Azərbaycan xalqının 2015-ci ildən sonra yaşamaq istədiyi dünyanı göstərərək siyasətçilər üçün qlobal və milli prioritetlərin müəyyənləşdirilməsinə dair tövsiyələrin alınmasına kömək edəcəkdir.

Növbəti tədbirlər

2015-ci ildən sonrakı inkişaf üzrə məsləhətləşmə prosesi MİM-lər habelə Rio+20-də əldə olunmuş irəliləyiş üzərində qurulub genişləndirilə və gələcək nəsillər üçün dəyişiklik yarada bilən yeni çərçivəyə doğru daha da yaxınlaşmaqda bizə kömək edəcək tarixi səyahətin başlanğıcıdır.

Qlobal və milli məsləhətləşmələrin nəticələri BMT-nin baş katibinə 2013-cü ilin sentyabrında BMT-nin Baş Assambleyasında iştirak edəcək dövlət və hökumət başçılarına və digər proseslərdə təqdim olunacaqdır. Baş katib 25 sentyabr 2013-cü il tarixdə xüsusi tədbirdə üzv-ölkələr tərəfindən müzakirə olunmaq məqsədilə Baş Assambleyaya öz hesabatını hazırlayarkən 2015-ci ildən sonrakı İnkişaf Çərçivəsi üzrə Görkəmli Şəxslərin Yüksək Səviyyəli İşçi Qrupunun Hesabatındakı tövsiyələri nəzərdən keçirəcəkdir.

Rio+20 Konfransı nəticəsində təsis olunmuş Dayanıqlı İnkişaf Məqsədləri üzrə Açıq İşçi Qrup üzv-ölkələr tərəfindən 2014-cü il Baş Assambleya üçün bu qrupun hesabatı və tövsiyələr hazırlanarkən indiki vaxt və 2014-cü ilin fevral ayı arasında məlumatın toplanmasını davam etdirəcəkdir.

Dayanıqlı inkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forum Dayanıqlı İnkişaf üzrə Komissiyanı əvəz edəcəkdir, belə ki, ona dayanıqlı inkişaf üzrə fəaliyyəti davam etdirmək mandatı verilmişdir. Forum gələcək çərçivə üçün mühüm monitorinq rolunu oynayacaqdır.

2015-ci ildən sonrakı İnkişaf Çərçivəsi: Əsas Tədbirlər

2013-cü il:

- Cari: İnkişafla bağlı müxtəlif məsələlər üzrə məsləhətləşmələr

- Payız: Baş Katib MİM-lərə doğru irəliləyişin sürətləndirilməsinə dair özünün illik hesabatını və 2015-ci ildən sonrakı proqram üçün təkliflərini Baş Assambleyaya təqdim edəcəkdir.

- Sentyabr: Rio+20 konfransının davamı olaraq, dayanıqlı inkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumun ilk toplantısı. DİM-lər üzrə Açıq İşçi Qrupa bu hesabatı təqdim etmək mandatı verilmişdir.

- 25 sentyabr 2013-cü il, Baş Assambleyanın 68-ci sessiyası: Baş Assambleyanın 68-ci sessiyasının sədri tərəfindən aparılan xüsusi tədbir. Bu tədbirdə diqqət, 2015-ci ilədək yekun mərhələdə MİM-lərə doğru irəliləyişin sürətləndirilməsinə yönələcəkdir.

2014-cü il:

- Açıq İşçi Qrup, DİM-lərə dair təkliflərlə BMT-nin Baş Assambleyasına hesabat verəcəkdir.

- Baş Katib BMT-nin Baş Assambleyasında MİM-lərin icmalı üzrə sammitə hesabat verəcəkdir.

Məsləhətləşmələrə dair müxtəlif hesabatlar

Aşağıdakı hökumətlərarası proseslər də 2015-ci ildən sonrakı İnkişaf Çərçivəsinin formalaşdırılmasına doğru mühüm mərhələlər qismində çıxış edəcəkdir:

2014 – Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransın Fəaliyyət Proqramının 20 illik icmalı

2014 – İnkişafı maliyyələşdirmə üzrə icmal konfrans

2014 – İnkişaf üzrə Əməkdaşlıq Forumu

2015 – Fəlakətlərin Azaldılması üzrə Ümumdünya Konfransı

2015 – İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitinin 10 illik icmalı

2015 – Qadınlar üzrə Pekin Ümumdünya Konfransının 20 illiyinin qeyd edilməsi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR