Arif Hacılı: “Təklif etdim ki, Rüstəm İbrahimbəyov, İsa Qəmbər və Əli Kərimli Milli Şuranın həmsədrləri olsun, Rüstəm İbrahimbəyov buna qarşı çıxdı”

Arif Hacılı: “Təklif etdim ki, Rüstəm İbrahimbəyov, İsa Qəmbər və Əli Kərimli Milli Şuranın həmsədrləri olsun, Rüstəm İbrahimbəyov buna qarşı çıxdı”
# 07 noyabr 2013 15:21 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Şura yaranan ərəfədə Rüstəm İbrahimbəyovun özünün Milli Şuranın sədri olmaq istəyində olduğu və bunu dilə gətirdiyi üzə çıxıb.

Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya açıqlamasında deyib ki, Milli Şurada həmsədrlik institutu yaradılması təklifini ilk dəfə o irəli sürüb, ancaq Rüstəm İbrahimbəyov o zaman bunun əleyhinə çıxıb.

Arif Hacılı bildirib ki, Milli Şura yaranan ərəfədə təklif edib ki, Rüstəm İbrahimbəyov, Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimlin qurumun həmsədrləri olsunlar: “Bu təklif partiyalarda da müsbət qarşılanmışdı. Ancaq sonradan ilk olaraq məhz Rüstəm İbrahimbəyov buna qarşı çıxdı və qurumun tək sədri olmasını istədi. Bu müzakirələr Milli Şura yaranan ərəfədə aparılıb. Rüstəm İbrahimbəyov özü dedi ki, Milli Şuranın tək sədri olması daha düzgündür və ona Milli Şuranın sədri olmaq təklif edilərsə, müraciət olarsa, bununla razılaşar. Biz də müəyyən ictimai rəyi, siyasi, ictimai qüvvələrin, ziyalıların bir araya gəlməsi ilə bağlı maraqları nəzərə alaraq, Rüstəm İbrahimbəyova şərait yaratmağı qərara aldıq. Rüstəm İbrahimbəyov həm də Müsavat Partiyasının razılılıq və səsverməsi nəticəsində Milli Şuranın sədri seçilib. Rüstəm İbrahimbəyovu həm sədr seçdik, həm də onun Milli Şuranın prezidentliyə namizədliyinin irəli sürülməsinə tərəfdar çıxdıq”.

Arif Hacılı hazırda Müsavat Partiyasında Milli Şurada həmsədrlik institutu ilə bağlı müzakirələr getdiyini, yekun qərar qəbul edilmədiyini nəzərə çatdırıb: “Müsavat Partiyasının Milli Şurada həmsədrlik institutunun yaradılması ilə bağlı mövqeyinin nə vaxt müəyyənləşəcəyinə gəlincə, bu, siyasi proseslərin gedişindən asılıdır. Hələ ilkin rəylər var. Yeni nüanslar, çalarlar ortaya çıxarsa, mövcud şəraiti, demokratik düşərgənin, cəmiyyətin və Müsavat Partiyasının maraqlarını nəzərə alaraq, yekun qərar qəbul edəcəyik”.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov APA-ya müsahibəsində məcburən Milli Şuranın sədri olduğunu, sonra da prezidentliyə namizədliyə razılıq verdiyini bildirib. Milli Şuraya sədrlikdən imtina etmək niyyətində olmadığını bəyan edən Rüstəm İbrahimbəyov Milli Şurada həmsədrlik institutunun yaradılmasını təklif etdiyini söyləyib. O qeyd edib ki, Milli Şurada həmsədrlik statusu Cəmil Həsənliyə çox yaraşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR