Azərbaycanda avtomobillərin yan şüşələrinə mövsümü qaydada jalyüzlərin vurulmasına icazə veriləcək

Azərbaycanda avtomobillərin yan şüşələrinə mövsümü qaydada jalyüzlərin vurulmasına icazə veriləcək
# 15 aprel 2013 14:23 (UTC +04:00)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, Komitənin əmri ilə AZS 122-2004 «Yerüstü nəqliyyat vasitələrinin təhlükəsizlik şüşəsi. Ümumi texniki şərtlər» dövlət standartına dəyişikliklər edilib.

Dəyişikliklərə əsasən, nəqliyyat vasitələrində küləyə qarşı olmayan digər şüşələrin (arxadakı yan şüşələrin) işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır. Qeyd edək ki, indiyədək bu göstərici 60%-dən az olmamalı idi. Başqa sözlə dəyişikliyə əsasən, şüşələr daha açıq olmalıdır.

Komitədən «APA-Economics»ə bildirilib ki, standarta dəyişiklik edilməsi onun tələblərinin beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də qabaq yan və arxa yan şüşələrin işıq buraxma qabiliyyətinin eyniləşdirilməsidir.

Qeyd edək ki, hazırda qüvvədə olan standartlara əsasən, avtomobillərin qabaq yan şüşələrinin işıq buraxma qabiliyyəti 70%-dən az olmamalıdır. Dəyişikliklərdən sonra bu tələblər hər iki (həm arxa yan, həm də qabaq yan) şüşələr üçün eyniləşdirilib.

Həmçinin, Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə veriləcək. Standarta edilən dəyişikliklər ölkə ərazisində 1 may 2013-cü ildən tətbiq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR