Televiziyalarda ədəbi dilin qaydaları ilə bağlı aparılmış monitorinqin nəticələri gələn ay açıqlanacaq

Televiziyalarda ədəbi dilin qaydaları ilə bağlı aparılmış monitorinqin nəticələri gələn ay açıqlanacaq
# 31 mart 2015 11:50 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Televiziyalarda ədəbi dilin qaydalarına riayət olunması ilə bağlı aparılmış monitorinqin nəticələri aprelin birinci onbeşgünlüyündə açıqlanacaq. Bu barədə APA-ya məlumat verən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin aparıcı elmi işçisi Şahlar Məmmədov monitorinqlərin üç ay müddətində aparıldığını bildirib.

Ş. Məmmədovun sözlərinə görə, monitorinqə AzTV-dən başqa bütün telekanallar cəlb olunub: “Əvvəlki monitorinqlərdən fərqli olaraq bu dəfə daha çox xəbər və xəbərdən törəmə proqramların dili araşdırılıb. Bu dəfə əyləncə proqramlarının dilinə toxunmamışıq. Çox təəssüf ki, monitorinqin nəticələri ürəkaçan deyil. Amma bununla belə, əvvəlki monitorinqlərlə müqayisədə müəyyən irəliləyiş hiss olunmaqdadır. Monitorinq həm fonetik, həm leksik, üslub, morfoloji və sintaktik normalar üzərində aparılıb.

Televiziyalarda əsas problem aparıcıların yad dildə olan sözlərə üstünlük verməsidir”.

Ş. Məmmədov gələcəkdə internet televiziyaların da monitorinqlərə cəlb olunacağını qeyd edib: “Gələcəkdə internet televiziyaların monitorinqini aparmağı nəzərdə tutmuşuq. Son dörd-beş ildə internet televiziyaların dili əsasən canlı danışıq dili əsasında formalaşır. Bu televiziyanın dili sanki yeni bir üslub formalaşdırmaqdadır. Digər televiziyaların dilindən seçilməkdədir, baxmayaraq ki, mahiyyət etibarilə eynidirlər. Artıq telekommunikasiyaların inkişafı ilə əlaqədar dildə bir canlanma prosesi gedir. Biz bunu müsbət hadisə kimi qəbul edirik. Çünki dil nə qədər canlı təmasda olsa o, prosesi daha dəqiq ifadə edər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR