Türkiyəli məşqçi: “Azərbaycanda oynayan futbolçuların disklərini izləyəcəyik”

Türkiyəli məşqçi: “Azərbaycanda oynayan futbolçuların disklərini izləyəcəyik”
# 04 dekabr 2012 13:46 (UTC +04:00)

Bakı – APA. “Komandamızın nümayəndələri artıq ölkənizdən qayıdıb. Onlarla görüşümüz oldu. Hazırda bəzi təkliflər üzərində işləyirik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Türkiyənin “Dənizlispor” klubunun baş məşqçisi Səlahəttin Dərvənt deyib.

Dərvənt bildirib ki, Azərbaycana futbolçu seçməyə gələn klub rəsmiləri - İhsan Niyaz və Mehmet Ali Kəskinlərlə fikir mübadiləsi aparıblar.

“Azərbaycanda işlədiyimdən, futbolçularınızı yaxşı tanıyıram. Ancaq hazırda konkret hansısa futbolçunun transferi ilə bağlı iş aparmırıq. Yaxında “transfer pəncərəsi” açılacaq və o müddətdə ölkənizdə oynayan futbolçuların disklərini izləyəcəyik” – deyə, Dərvənt əlavə edib.

Türkiyəli mütəxəssis vurğulayıb ki, qış transfer dövründə hansısa futbolçumuzun keçidi baş tutmazsa, bu işi bitmiş saymayacaqlar: “Hələ Azərbaycanda işlədiyim dövrdən tanıdığım legionerlərdən yenə oynayanlar, eyni zamanda yenilər var. Ancaq diqqətdə saxladığımız futbolçuların adlarını açıqlamağım düzgün çıxmaz. Bu, həmin futbolçuların çıxış etdiyi klub rəhbərlərinə münasibətdə doğru olmazdı. Hansı futbolçunun transferi ilə bağlı qərarımızı qətiləşdirsək, təmas qurub, məsələyə aydınlıq gətirəcəyik”.

Vaxtilə “Turan”da çalışan Dərvənt transfer işlərinə xüsusi diqqət yetirdiklərini bildirib: “Bizdə 5 menecer var. Onlar bizə lazım olan mövqelərə futbolçulara baxırlar. Bu müddətdə Azərbaycana səfərimiz yerinə düşdü. İstədik ki, qış fasiləsinə qədər oradakı vəziyyətlə tanış olub, dəyərləndirmə edək. Bu, bizim gələcək planlarımızın müəyyənləşməyinə imkan verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR