ADA Universitetində “2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin milli müzakirəsi: Vətəndaş Cəmiyyəti ilə dialoq: Gənclər” adlı Milli Məsləhətləşmələrin yekun mərhələsi keçirilib

ADA Universitetində “2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin milli müzakirəsi: Vətəndaş Cəmiyyəti ilə dialoq: Gənclər” adlı Milli Məsləhətləşmələrin yekun mərhələsi keçirilib
# 15 iyul 2014 10:57 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. ADA Universitetində “2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin milli müzakirəsi: Vətəndaş Cəmiyyəti ilə dialoq: Gənclər” adlı Milli Məsləhətləşmələrin yekun mərhələsi keçirilib.

APA-nın məlumatına görə, layihə BMT-nin İnkişaf Proqramı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondu tərəfindən həyata keçirilib.

Yekun mərhələdə BMT Modeli Seminarı təşkil edilib və iştirakçıların təltifolunma mərasimi keçirilib.

Layihə çərçivəsi görülən işlərdən danışan ARGTMŞ icraçı direktoru Seymur Hüseynov bildirib ki, seminar BMT-nin müxtəlif komitə nümayəndələrinin gənclər tərəfindən təmsil olunduğu simulyasiya oyunudur. Oyun zamanı 40 nəfər gənc 5 region ölkələrinin nümayəndələrini canlandıraraq təmsil etdikləri ölkələrə xas olan problemlərlə bağlı müzakirələr aparıb, təkliflər və təkliflərin icra mexanizmlərini irəli sürüb. S.Hüseynov xatırladıb ki, BMT modeli simulyasından əvvəl Gəncə və Quba şəhərində məsləhətləşmələr keçirilib.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə isə bildirib ki, bu layihəyə ev sahibliyi etməkdən qürur duyur. O deyib ki, layihənin gənclərin inkişafına dəstək verməsi, beynəlxalq aləmdə nüfuza sahib olması ADA-nın layihəyə marağını artırıb.

F.İsmayılzadə bildirib ki, layihənin məqsədi ADA Universitetinin missiyası ilə üst-üst düşür.

Daha sonra çıxış edən Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə qeyd edib ki, belə müzakirələrin aparılması gənclərin inkişafı üçün çox vacibdir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə qeyd edib ki, bu cür layihələrin keçirilməsində əsas məqsəd gənclərimizin öz sözünü deməsinə, öz bilik və bacarıqlarını ortaya qoymasına, layihələrini ortaya çıxarmasına şərait yaratmaqdır: “Bu layihəni gələn il də keçirməyi planlaşdırırıq. Biz artıq əminliklə deyə bilirik ki, Azərbaycan gənci bütün dünyada özünə layiqli mövqe tutub. Gənclərimiz ölkə hüdudlarından kənarda ölkəmizi layiqincə təmsil edir. Biz də bildirmək istəyirik ki, hər zaman gənclərimizin yanında olacağıq, onların təşəbbüslərinə dəstək verəcəyik. Bu, vətəndaş cəmiyyətinin formalaşması üçün də çox vacibdir”.

Tədbirin sonunda layihədə fəal iştirak edən gənclər mükafat və sertifikatlarla təltif olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR