Apreldə Azərbaycanda sərgi mövsümünə start veriləcək

Apreldə Azərbaycanda sərgi mövsümünə start veriləcək
# 21 fevral 2013 12:19 (UTC +04:00)

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, 2013-cü ilin yaz və yay aylarında «Iteca Caspian» 10 sərgi və 1 konfrans keçirəcək ki, bunların da arasında həm ənənəvi, həm də debüt sərgilər var. Bu ilin ən mühüm tədbiri Azərbaycanın ilk ixtisaslaşdırılmış sərgi və konfransı - Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft kimyası («Caspian Oil and Gas») sərgi və konfransının 20 illik yubileyidir.

Sərgi mövsümünün açılışı isə ölkənin turizm sektorunun əsas tədbiri – «AITF 2013» XII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi ilə başlayacaq (aprelin 4-6-da). Ənənəvi olaraq yay tətili və məzuniyyətlər ərəfəsində keçirilən «AITF 2013» sərgisi elit istirahətdən tutmuş tibbi turizm sahəsinə qədər ən müxtəlif istiqamətləri əhatə edəcək. Bu il ilk dəfə olaraq, sərginin ekspozisiyasında getdikcə populyarlaşan «Xaricdə daşınmaz əmlak» bölümü də fəaliyyət göstərəcək. Sərgidə 34 ölkədən şirkət və təşkilatların iştirakı gözlənilir və həmin ölkələrdən 16-sı öz milli stendləri ilə çıxış edəcək. Bu il sərginin daimi iştirakçıları ilə yanaşı, Mərakeş, Macarıstan, Sloveniya, Tailand, Tunis, Fransa və Çernoqoriya kimi ölkələrdən də nümayəndə heyətləri Bakıya səfər edəcək. Həmçinin, Azərbaycanın turizm potensialını nümayiş etdirən, eləcə də Xaçmaz, Qusar, Quba, Qəbələ, Şəki, İsmayıllı, Lənkəran, Oğuz, Naftalan və digər regionların turizm imkanlarını təqdim edən geniş regional ekspozisiya da planlaşdırılır.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin fəal dəstəyi ilə keçirilən AITF sərgisi Ümumdünya Turizm Təşkilatı (ÜTT) tərəfindən rəsmi şəkildə dəstəklənir. Son illər Azərbaycanda otel sahəsində müşahidə olunan inkişaf «HOREX Caucasus 2013» VII Qafqaz Beynəlxalq Mehmanxanalar, Restoran və Supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisinin əhəmiyyətini bir daha vurğulayır. Sözügedən sərgi həmin tarixlərdə Baku Expo Center sərgi mərkəzinin ikinci pavilyonunda keçiriləcək. Burada ən məşhur brendləri və qonaqlama sənayesinin aparıcı şirkətləri təmsil olunacaq. Sərginin əsas bölümlərinə mehmanxana və restoranlar üçün avadanlıqlar, proqram təminatları, yataq dəstləri və s. daxildir.

Aprelin 11-13-də isə bu ilin debüt layihəsi – «CATEF 2013» Xəzər Beynəlxalq «Su texnologiyaları» sərgisi və forumu keçiriləcək. «CATEF 2013» sərgisi «Azərsu» ASC-nin təşəbbüsü və dəstəyi ilə təşkil olunur və beynəlxalq əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi, su və kanalizasiya sistemləri sektorunda yeni texnologiyaların tətbiqi, çirkab və yağış sularının təmizlənməsi, boru mühəndisliyi, habelə çay və göllərin çirklənmə səviyyəsinin azaldılmasına xidmət etmək məqsədi ilə keçirilir. Sərgidə texnoloji şirkətlər, təchizatçılar, istehlakçılar, ekoloqlar və tikinti şirkətlərinin iştirakı gözlənilir. Bununla paralel, içməli su təchizatı, müasir texnologiya və yeniliklərin tətbiqi sahəsində yeni proqramlara həsr olunmuş forum keçiriləcək.

Mayın 22-24-də Xəzər regionunun qida sənayesində böyük beynəlxalq tədbir – «WorldFood Azerbaijan 2013» sərgisi keçiriləcək. Bu sərgidə Azərbaycan, Bolqarıstan, Hindistan, İordaniya, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə, Latviya, İran, İsveçrənin şirkət və təşkilatları öz məhsul və mallarını təqdim edəcək. Bu il süd məhsulları, qənnadı məmulatları, şokolad, balıq məhsulları istehsalçıları, eləcə də soyuducu avadanlıq təchizatçıları xüsusi fəallıq göstərir. Həmin tarixlərdə keçirilməsi planlaşdırılan «İpack Caspian 2013» Xəzər Beynəlxalq «Qablaşdırma, Tara, Etiket və Poliqrafiya» sərgisi müxtəlif sənaye sahələri üçün qablaşdırma materiallarının istehsalı və tərtibatı, qablaşdırma materialları, tara və hazır qablaşdırmalar təqdim edəcək. «WorldFood Azerbaijan» sərgisi ilə paralel olaraq «Agrihort Azerbaijan 2013» VII Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı sərgisi də keçiriləcək. Sərgi mərkəzinin yaxınlığında yerləşən açıq meydançada isə kənd təsərrüfatı texnikası nümayiş etdiriləcək.

İyunun 4-7-də Xəzəryanı regionda energetika sektorunun ən böyük tədbiri olan və 20 illik yubileyini qeyd edən Beynəlxalq Xəzər Neft və Qaz, Neftayırma və Neft kimyası sərgi və konfransı keçiriləcək. Bu sərginin təntənəli açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyevin iştirak edəcəyi gözlənilir. «Caspian Oil and Gas» sərgisinə Sənaye və Energetika Nazirliyi və Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən dəstək verilir.

ABŞ şirkətləri, Ukraynanın neft-qaz korporasiyaları və digərləri bu il sərgidə ilk dəfə iştirak edir. Sərginin baş sponsoru ARDNŞ, «Qızıl» sponsoru isə «BP-Azerbaijan» şirkətidir.

Sərgi ilə paralel keçiriləcək neft-qaz konfransında 500-dən çox nümayəndənin iştirakı gözlənilir. Neft-qaz sərgisi ilə eyni vaxtda keçiriləcək III Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji («Caspian Power») sərgisi energetika və elektrotexnika, alternativ enerji mənbələri, enerjiyə qənaət və enerji səmərəliliyi, kabel-ötürücü məhsullar və işıqlandırma sahələrində avadanlıq və xidmətlərin geniş çeşidini təklif edəcək. Sərgi çərçivəsində «Təmiz texnologiya» üzrə layihələr də təqdim olunacaq. Sərgidə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi kimi dövlət təşkilatları ilə yanaşı, energetika sektorunda mövcud olan yerli və xarici şirkətlər də öz məhsullarını nümayiş etdirəcək.

Sərgi mövsümünün ilk yarısı iyunun 13-15-də keçiriləcək XII Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika («TransCaspian 2013») və III Xəzər Beynəlxalq Yol infrastrukturu və İctimai Nəqliyyat («Road & Traffic 2013») sərgiləri ilə başa çatacaq. Sərgiyə ənənəvi olaraq Nəqliyyat Nazirliyi, eləcə də TRACECA, Azpromo və Azərbaycan Sahibarlar Konfederasiyası tərəfindən dəstək verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR