DSMF: Özəl pensiya fondlarının öhdəliklərinin yerinə yetirilməsi üçün səmərəli mexanizmlər işlənəcək

DSMF: Özəl pensiya fondlarının öhdəliklərinin yerinə yetirilməsi üçün səmərəli mexanizmlər işlənəcək
# 08 avqust 2014 09:35 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanın sığorta-pensiya sistemində yığım komponentinin tətbiq edilməsi, qeyri-dövlət pensiya fondlarının formalaşdırılması və fəaliyyətini tənzimləyəcək qanunvericilik bazasının yaradılması ilə bağlı işlər davam etdirilir.

Dövlət Sosial Müdafiə Fondundan (DSMF) “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə Azərbaycanda səfərdə olan Avropa İttifaqının ekspertlər qrupu müxtəlif dövlət orqanları və digər təşkilatlarla görüş keçirib. Onlar Azərbaycanda mövcud iqtisadi və demoqrafik vəziyyəti, qanunvericilik və maliyyə sistemini öyrənir, təhlil və digər araşdırma işləri aparır.

DSMF-nin sədri Elman Mehdiyev bildirib ki, Fond və Avropa İttifaqının birgə layihəsinin qeyri-dövlət pensiya fondlarının fəaliyyəti ilə bağlı qanunvericiliyin hazırlanması sahəsində əsas məqsədlərindən biri də həmin fondların qeyri-dövlət pensiya təminatı sahəsində fəaliyyəti ilə əlaqədar meydana çıxan öhdəliklərinin yerinə yetirilməsi üçün səmərəli mexanizmlərin işlənməsidir.

Qeyd edək ki, bu məsələlərin araşdırılması məqsədilə Avropa İttifaqının ekspertləri indiyədək Azərbaycan Mərkəzi Bankı, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Dövlət Neft Fondu, Azərbaycan İpoteka Fondu, Azərbaycan Beynəlxalq Bankı, Bakı Banklararası Valyuta Birjası, Bakı Fond Birjasında və digər qurumlarda görüşlər keçiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR