Azərbaycan və Türkiyə diasporları Berlində etiraz aksiyası keçirib - FOTO

Azərbaycan və Türkiyə diasporları Berlində etiraz aksiyası keçirib - <span style="color: red;">FOTO
# 27 fevral 2015 07:37 (UTC +04:00)

Bakı-APA. Xocalı soyqırımının 23-cü ildönümü günü Almaniyada yaşayan azərbaycanlılar Berlində - Brandenburq Qapıları qarşısında etiraz aksiyası keçiriblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiya Berlin Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı və dəstəyi, eləcə də Azərbaycan Tələbə Şəbəkəsinin iştirakı ilə baş tutub. Mitinqdə Azərbaycan Respublikası Milli Məclisinin üzvləri Siyavuş Novruzov, Rauf Əliyev, Xanlar Fətiyev, Azərbaycan və Türk diaspor təşkilatlarının nümayəndələri iştirak edib.

Avropa Azərbaycanlıları Konqresinin, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin direktoru Samira Patzer-İsmailova Azərbaycan və alman dillərində çıxış edərək Xocalı soyqırımı, bu faciənin dünya ictimaiyyətinə tanıdılması məqsədilə başladılmmış “Xocalıya ədalət!” kampaniyası haqqında məlumat verib.

Millət vəkili Siyavuş Novruzov, Xocalı soyqırımının şahidi, “Erməni təcavüzünün tanıdılması“ İctimai Birliyinin sədri, yazıçı-jurnalist Səriyyə Cəfərəva da Azərbaycan həqiqətlərindən danışaraq Avropa ictimaiyyətindən Xocalı soyqırımını tanımağı tələb ediblər.

Aksiyada iştirak edən Mayns Azərbaycan Cəmiyyətinin sədri Başar Kömür, Şimali Reyn-Vestfaliya əyaləti üzrə Alman Azərbaycan Dostluq Cəmiyyətinin həmsədri Faiq Məmmədov, Bielefeld Atatürk Düşüncə Mərkəzinin sədri Mehmeteli Ölməz, “Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli isə öz çıxışlarında Avropada türklərə, o cümlədən azərbaycanlılara qarşı ikili standartların olmasından danışıblar. Onlar Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının Avropada tanıdılması üçün Azərbaycan və Türk diasporunun daha sıx fəaliyyətinin vacib olduğunu vurğulayıblar.

Aksiya zamanı yerli sakinlərə Xocalı faciəsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında alman və ingilis dillərində məlumatlandırıcı vərəqələr paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR