“Paramount Group” Azərbaycana “Mbombe” döyüş maşınlarını təklif edib

“Paramount Group” Azərbaycana “Mbombe” döyüş maşınlarını təklif edib
# 25 fevral 2013 09:59 (UTC +04:00)

Bu barədə APA-ya şirkətin rəhbəri Ayvor İçikovitz (Ivor Ichikowitz) məlumat verib.

Azərbaycanla hərbi-texniki əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını deyən A. İçikovitz bildirib ki, region, xüsusilə Azərbaycanla əməkdaşlığı genişləndirmək “Paramount Group” üçün çox maraqlıdır. O, qeyd edib ki, Azərbaycana “Mbombe” döyüş maşını da təqdim olunub. Azərbaycan tərəfindən “Mbombe”yə böyük maraq göstərilir və bu istiqamətdə danışıqlar davam etdirilir.

MSN ilə Azərbaycan Silahlı Qüvvələrinin sifarişi əsasında “Matador” və “Marauder” tipli nəqliyyat vasitələrinin istehsalı layihəsi üzərində işlədiklərini söyləyən A. İçikovitz artıq bu maşınların Azərbaycan Ordusu tərəfindən silahlanmaya qəbul olunduğunu bildirib: “Bizim Azərbaycanla əməkdaşlığımız tək sifarişlər üzərində qurulmur. Eyni zamanda öz texnologiyalarımızı Azərbaycana transfer edib sənaye qururuq”.

Qeyd edək ki, yeni nəsil döyüş maşını sayılan “Mbombe”nin boş halda çəkisi 16 tondur. 6x6 konfiqurasiyalı maşının maksimal sürəti 100 km/saat, bir dəfəyə hərəkət diapazonu 700 km təşkil edir. “Mbombe” gücləndirilmiş mina əleyhinə müdafiəsinə malikdir. Maşının ballistik və artilleriya mərmilərinə qarşı müdafiəsi STANAG Level IV tələblərinə cavab verir. “Mbombe”nin gücləndirilmiş zirehi heyətin ətrafda 155 mm-lik artilleriya mərmisinin partlayışından, həmçinin 14.5 mm-lik B-32 güllələrindən, 200 metr məsafədə KPVT pulemyotundan açılan atəşdən müdafiəsini təmin edir. Ənənəvi V şassili MRAP-lardan fərqli olaraq düz gövdəyə malik olan “Mbombe”nin döşəməsindəki zirehin gücləndirilməsi sayəsində maşın alt hissəsində və ya təkərin altında tank əleyhinə mina partlayışına və ya 10 kq TNT partlayışına tab gətirir. “Mbombe”nin ən böyük üstünlüklərindən biri də onun əldəqayırma partlayıcılara (İED) qarşı yüksək müdafiə təmin etməsidir. Testlər zamanı döyüş maşını 5 metr məsafədə 50 kq TNT partlayışına dözümlülüyünü sübuta yetirib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR