Azərbaycanın sterilizasiya qurğusunun zavod sınaqları keçirilir

Azərbaycanın sterilizasiya qurğusunun zavod sınaqları keçirilir
# 07 mart 2013 14:10 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva-APA. Macarıstanda Azərbaycanın sterilizasiya qurğusunun zavod sınaqları keçirilir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribovun APA-ya verdiyi məlumata görə, bu məqsədlə institutun əməkdaşları Macarıstanın İzotop İnstitutuna gediblər: “Qurğunun əsas avadanlıqları artıq hazırdır. May ayına qədər sterilizasiya qurğusu Azərbaycana gətiriləcək”.

A. Qəribov deyib ki, yaxın 1 ay ərzində sterilizasiya qurğusu üçün binanın tikintisinə başlanacaq: “Qurğu 3 hissədən – şüalandırma qurğusu, laboratoriya binası və ofisdən ibarət olacaq. İlk növbədə şüalandırma qurğusunun tikintisinə başlanacaq”.

Qeyd edək ki, sterilizasiya qurğusunun alınması ilə bağlı Azərbaycanla AEBA arasında müqavilə 2011-ci ilin dekabrın 21-də imzalanıb. Sterilizasiya qurğusu ilə bağlı Atom Enerjisi üzrə beynəlxalq Agentliyin (AEBA) elan etdiyi tenderi Macarıstanın İzotop İnstitutu udub. Qurğu istifadəyə verildikdən sonra Azərbaycanda taxıl, kartof və digər ərzaq, kənd təsərrüfatı məhsullarının, tibbi avadanlıqların vaxtından əvvəl xarab olmasının qarşısı alınacaq, həmçinin qədim xalçaların, şəkillərin, abidələrin dayanıqlığını daha da artırmaq mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR