Zərdabda Şöhrət Ordeninin hər üç dərəcəsinin kavaleri 94 yaşlı Muradalı Heydərovun şərəfinə tədbir keçirilib - FOTOSESSİYA

Zərdabda Şöhrət Ordeninin hər üç dərəcəsinin kavaleri 94 yaşlı Muradalı Heydərovun şərəfinə tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 30 aprel 2015 18:18 (UTC +04:00)

Bakı-APA. 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbənin 70 illiyi ərəfəsində Zərdabda Şöhrət Ordeninin hər üç dərəcəsinin kavaleri, 94 yaşlı Muradalı Heydərovun şərəfinə tədbir keçirilib.

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Müdafiə Nazirliyi və Zərdab Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mərasim "Babalarımızın qəhrəmanlıq ənənələrini yaşadaq!" devizi altında keçirilib.

Mərasimi açan Zərdab RİH-nin başçısı Lütfəli Babayev açaraq bildirilib ki, cəbhəyə yollanmış 3384 nəfər Zərdab sakinindən 1407 nəfəri döyüş meydanlarında qəhrəmanlıqla həlak olub, geri dönməyib: “1977 nəfər isə müharibədən qayıtdıqdan sonra da əmək cəbhələrində vətənə sədaqətlə xidmət ediblər. Hazırda Silahlı Qüvvələrin ayrı-ayrı qoşun növlərində yüzlərlə zərdablı əsgər və zabit xidmət edir. 118 nəfər zərdablı vətənpərvər Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və dinc əhalinin təhlükəsizliyinin qorunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb”.

"Qələbə günü" mahnısının sədaları altında vaxtilə xidmət etdikləri Azərbaycan milli diviziyalarının bayraqları ilə salona daxil olan veteranları tədbir iştirakçıları ayaq üstə alqışlarla qarşılayıb və onların hər birinin döyüş yolu barədə məlumat verilib.

Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani vüdafiə naziri, general-polkovnik Zakir Həsənovun veteranlara təbrikini oxuyub.

Sonra isə kavaler ordenli Muradalı Heydərova müdafiə nazirinin təbrik ünvanı və qiymətli hədiyyəsini təqdim edib. Təbrikdə deyilir: "Hörmətli Muradalı Şavaqat oğlu! Sizin mənalı həyat və döyüş yolunuz gənclərimiz üçün örnəkdir. Ukrayna, Belarus cəbhələrində, Polşanın faşistlərdən azad edilməsində göstərdiyiniz qəhrəmanlıqlara görə siz 3-cü və 2-ci dərəcəli Şöhrət Ordenləri ilə təltif olunmuş, dəfələrlə yaralanmağınıza baxmayaraq döyüş meydanını heç vaxt tərk etməmisiniz.

Berlin uğrunda gedən döyüşlərdə komandiri olduğunuz top heyəti düşmənin 6 pulemyotunu, döyüş sursatı ilə dolu 6 avtomobilini, 2 topunu və 20-yə yaxın əsgər və zabitini məhv edib. Siz isə 1945-ci ilin ilk may günündə düşmənin atəşi altında topunuzu irəli çəkərək, çox yaxın məsafədən atıcı bölmələrin irəliləməsinə mane olan istehkam qurğularını dağıdıb və bu igidliyiniz Şöhrət Ordeninin 1-ci dərəcəsinə layiq görülüb.

1946-cı ildə vətənə qayıtdıqdan sonra əmək cəbhəsində də həmişə adınız yarış qaliblərinin ön sıralarında çəkilib. 1-ci və 2-ci dərəcəli Böyük Vətən müharibəsi ilə yanaşı, Sizin sinənizi əmək medalları da bəzəyir. Siz 1995-ci ildə Moskvada keçirilən qələbə paradının iştirakçısı, fərdi Prezident təqaüdçüsünüz. Yaşınızın 93-ü ötməsinə baxmayaraq Siz bu gün də gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində yaxından iştirak edir, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun yüksəldilməsində səylərinizi əsirgəmirsiniz.

Hörmətli Muradalı Şavaqat oğlu!

Bir daha sizi qələbə günü münasibətilə ürəkdən təbrik edir, sonrakı ömür payınızı da nəvə-nəticələrinizlə birlikdə şad-firavan yaşamanızı arzulayıram".

Muradalı Şavaqat oğlu veteranlara göstərilən diqqət və qayğıya görə silahdaşları adından prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib: "Respublikamızda keçiriləcək birinci Avropa Oyunlarının məşəlinin bir neçə gün öncə Atəşgahda alovlandırılması və bu məşəlin ölkəmizdə bölgə-bölgə gəzdirilməsi biz veteranların da hədsiz sevincinə səbəb olub. Biz Avropanı faşizmdən xilas etdik, indi də Avropa gündən-günə çiçəklənən Azərbaycana idman, dostluq bayramına gəlir. Bu, ölkəmizin böyük qürurudur".

Sonra "Xalq ordunun, ordu xalqın dayağı" kitab-albomunun təqdimatı olub. İlk nüsxələr müharibə veteranlarına və gənclərin hərbi vətənpərvərlik tərbiyəsində xüsusi xidməti olanlara təqdim edilib.

Sonda veteranlar və tədbir iştirakçıları ilk Avropa Oyunlarının məşəlini qarşılamaq üçün Zərdabda görülən işlərlə tanış olub, xatirə şəkilləri çəkdiriblər.

Muradalı Heydərov ön səngərdəki topçularla görüşmək üçün cəbhə bölgəsinə yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR