Rusiya Şimali Qafqaz, Abxaziya və Ermənistanda genişmiqyaslı hərbi təlimlərə başlayıb

Rusiya Şimali Qafqaz, Abxaziya və Ermənistanda genişmiqyaslı hərbi təlimlərə başlayıb
# 15 aprel 2013 14:09 (UTC +04:00)

Bu barədə APA Rusiya Müdafiə Nazirliyinin saytına istinadən məlumat yayıb.

Aprelin birinci yarısında Rusiya Silahlı Qüvvələri tərəfindən bölgədə bölük və tabor səviyyəsində 10-dan artıq təlim keçirilib. Paraşüt-desant qüvvələrinin və xüsusi təyinatlıların təlimlərinin keçirildiyi Şimali Osetiya regionunda hava desant bölmələrinin və snayperlərin döyüş qabiliyyətləri və onların təchizatına daxil edilmiş yeni avadanlıqlarla işləmək bacarıqları yoxlanılıb.


Abxaziyadakı hərbi birləşmələr isə aprelin birinci yarısında T-90 tankları, BTR-80 zirehli transportyorları, avtomatlaşdırılmış döyüş idarəetmə sistemləri, «Sani» minaatanları, RPO-A «Şmel» alovsaçanları və «Korşun» mina detektorlarının tətbiqi ilə təlimlər keçirib. Dağ-meşə şəraitində keçirilən bu təlimlərə müxtəlif yeni növ nəqliyyat vasitələri cəlb olunub. Bundan başqa, Abxaziyadakı Rusiya bölmələrinin zenitçilərinin iştirakı ilə Krasnodarda maksimum döyüşə yaxın şəraitdə zenit-raket təlimləri keçirilib.

Ermənistanda isə 102-ci bazanın kəşfiyyat, snayper və artilleriya qruplarının bölük və tabor səviyyəsində döyüş atışları ilə təlimləri davam edir. Təlimlərdə «Qvozdika” tipli artilleriya qurğuları, «Qrad» reaktiv atəş sistemləri, «Konkurs» tipli tank əleyhinə idarə olunan raketlər, T-72B tipli döyüş tankları, «Şilka» tipli zenit topu və «Podnos» tipli minaatanlarından istifadə olunur. Bundan başqa, 102-ci bazanın 100 nəfərlik hərbi kəşfiyyatçıları Ermənistanın müxtəlif ərazilərində, Ermənistan Müdafiə Nazirliyinin zabitlərinin müşahidəçiliyi altında dəniz səviyyəsindən 2.5 min metr yüksəklikdə təlimlər keçiriblər.

Qeyd edək ki, aprel ayı ərzində Rusiyanın Ermənistandakı hərbi bazanın şəxsi heyətinin silahlanmasına 200 ədəd «Perunit», «Qrot» və «Briz» tipli müasir naviqasiya sistemləri, Şimali Qafqazdakı hərbi hissələrin kəşfiyyat bölmələrinin silahlanmasına isə «Fara-1» adlı yeni portativ radiolokasiya stansiyaları daxil edilib. QLONASS və GPS tərəfindən dəstəklənən yeni naviqasiya sistemləri dəqiqliklərinə görə analoqlarından fərqlənir.

Ümumilikdə Rusiya tərəfi 2013-cü ildə Cənub Hərbi Dairəsi Qoşunlarının silahlanmasına 500-dək müxtəlif hərbi texnika daxil etmək niyyətindədir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR