Bakıda Azərbaycan-Yunanıstan işgüzar görüşü keçirilib

Bakıda Azərbaycan-Yunanıstan işgüzar görüşü keçirilib
# 07 mart 2013 12:59 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Yunanıstan-Azərbaycan Ticarət və İqtisadiyyat Palatasının təşkilatçılığı ilə Azərbaycan-Yunanıstan işgüzar görüşü keçirilib. Tədbirdə Yunanıstan tərəfindən sənaye, İKT, kənd təsərrüfatı, turizm, səhiyyə, tikinti, nəqliyyat, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 40 şirkətin nümayəndələri iştirak ediblər.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azpromo-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində əldə olunan iqtisadi nailiyyətlər, Azərbaycan və Yunanıstan arasında iqtisadi əlaqələr barədə məlumat verib. Azərbaycanın xarici investisiyalar üçün əlverişli və cəlbedici ölkə olduğunu vurğulayan R.Məmmədov yunan iş adamlarını azərbaycanlı həmkarları ilə daha fəal əməkdaşlığa dəvət edib, Azpromo tərəfindən yunan şirkətlərinə biznes fəaliyyətinin təşkili istiqamətində bundan sonra da hər cür dəstək göstəriləcəyini qeyd edib.

Görüşdə həmçinin, Azpromo tərəfindən Azərbaycandakı biznes və investisiya mühiti, həyata keçirilən iri layihələr barədə təqdimat keçirilib.

Yunanıstan-Azərbaycan Ticarət və İqtisadiyyat Palatasının rəhbəri George Papadopoulos və Afina Ticarət və Sənaye Palatasının nümayəndəsi Nikolas Sofianos isə çıxışlarında iki ölkə arasındakı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə məlumat veriblər.

Tədbir Azərbaycan və Yunanıstan iş adamlarının iştirak etdiyi ikitərəfli görüşlərlə başa çatıb. Qeyd edək ki, ikitərəfli görüşlərdə Azərbaycan tərəfindən 100-ə yaxın iş adamı iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR