Tiflisdə “Abxaziya münaqişəsinin tənzimlənməsi məsələləri və qaçqın problemlərinin həlli yolları” mövzusunda görüş keçirilib

Tiflisdə “Abxaziya münaqişəsinin tənzimlənməsi məsələləri və qaçqın problemlərinin həlli yolları” mövzusunda görüş keçirilib
# 09 mart 2013 19:58 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Tiflisdəki “Avropa Ev”ində “Abxaziya münaqişəsinin tənzimlənməsi məsələləri və qaçqın problemlərinin həlli yolları” mövzusunda görüş keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya, reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili, “Azad demokratlar” partiyasının idarə heyətinin üzvü Giorgi Çikovani, parlamentin ərazi bütövlüyünün bərpası üzrə müvəqqəti komissiyasının rəhbəri Giorgi Volski, müharibə veteranları, ziyalılar, qaçqınlar, professor-müəllim heyəti və tələbələr iştirak edib. Tədbirdə çıxış edən Gürcüstanın müdafiə naziri İrakli Alasaniya abxazlarla münaqişənin tənzimlənməsi məsələsində dialoqun vacibliyini və bunun qaçılmaz olduğunu bildirib: “Abxazlarla bizim xüsusi münasibətlərimiz var idi. Münaqişələrin tənzimlənməsi sahəsində onlarla dialoqun aparılması vacibdir və bundan qaçmaq olmaz. Bunun üçün belə görüşlər çox vacibdir”, deyə Alasaniya bildirib.

Tədbirdən əvvəl görüşə gələn nümayəndələr foyedə təşkil olunan sərgidə Abxaziya qaçqınlarının çəkdiyi rəsm əsərlərini seyr ediblər.

Tədbirdə iştirak edən “Azad demokratlar” partiyasının idarə heyətinin üzvü Giorgi Çikovani APA-ya açıqlamasında yeni hakimiyyətin qələbəsindən sonra bu görüşün vacib olduğunu və hakimiyyətin qaçqınlarla əməkdaşlıq edəcəyini bildirib: “Biz yeni hakimiyyətdən Abxaziya münaqişəsinin həllini tələb edəcəyik və problemlərimizdən söhbət açacağıq. Düşünürəm ki, biz bu problemləri birlikdə həll edəcəyik. İndiyədək keçmiş hakimiyyət bizə yalançı vədlər verərək bildiriblər ki, sizi bir-iki ildən sonra doğma yurd-yuvalarınıza qaytaracağıq. Lakin bu olmadı. Real addımlar atılmadı. Biz ümid edirik ki, yeni hökumət bütün problemlərimizi real olaraq həll edəcək. Biz eyni zamanda istəyirik ki, Abxaziyada yaşayan qaçqın nümayəndələrinin iştirakı ilə real strategiya planı işləyib hazırlayaq və onun həyata keçirilməsində iştirak edək”.

Giorgi Çikovani Abxaziya və Qarabağ münaqişələrinin keçmiş Sovet İttifaqının süqutundan sonra planlı şəkildə meydana gəldiyini və Cənubi Qafqazda problemlərin eyni məzmun daşıdığını bildirib: “Bu münaqişələr torpağa yerləşdirilən bomba kimi yavaş-yavaş həyata keçirilir. Bunu deyə bilərəm ki, bu münaqişələr Sovet İttifaqının süqutunun nəticəsidir. Amma onların özünəməxsus xüsusiyyətləri, həlli yolları və problemləri var. Bu münaqişələr eyni vaxtda baş verib və hələlik biz praktiki olaraq onların həllini görmürük. Bu məsələlərin həllində beynəlxalq təşkilatlar böyük rol oynayır və gələcəkdə də rol oynayacaq. Ən başlıcası, dövlətlər və xalq arasında real danışıqlar getməli və sözsüz ki, beynəlxalq təşkilatların iştirakı ilə münaqişələrin həllinə nail olmalıyıq”, deyə Çikovani bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR