Azərbaycan Multikulturalizm Mərkəzi BBC-də dəyirmi masa keçirib

Azərbaycan Multikulturalizm Mərkəzi BBC-də dəyirmi masa keçirib
# 30 aprel 2015 15:51 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi BBC-də dəyirmi masa keçirib. Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, BBC World Action Xidmətinin Yaxın Şərq və Avropa üzrə regional direktoru Simon Derri fikir mübadiləsinin xeyirli olacağına ümidvar olduğunu bildirib.

Dəyirmi masada BBMM-in icraçı direktoru professor Azad Məmmədovun iştirakı ilə “Azərbaycan multikulturalizmi nədir? Azərbaycan təcrübəsi nə göstərir? Qərbin multikulturalizmə skeptik yanaşdığı bir zamanda Azərbaycanın multikultural təhlükəsizlik konsepsiyasına üstünlük verməsi nə ilə şərtlənir?” ətrafında müzakirələr aparılıb.

A. Məmmədov “Azərbaycan multikulturalizmi” fənninin təkcə ölkədə deyil, yeddi xarici universitetdə tədris olunduğunu, sentyabrdan etibarən isə bu universitetlərin sayının artacağını qeyd edib. İcraçı direktor mərkəzin mütəmadi olaraq virtual masalar keçirdiyini söyləyib.

BBC World Action Xidmətinin layihələr üzrə meneceri xanım Elli Havortz 2012-2013-cü illərdə Humanitar Forumun iştirakçısı kimi Qubaya və Naxçıvana səfərlərini xatırladıb, şahidi olduğu mültikultural mühitdən bəhs edib.

Azərbaycan mediasında multikulturalizmin işıqlandırılması ilə bağlı sualı cavablandıran BBMM-in müşaviri Aynur Bəşirli bu mövzunun çox həssas olduğunu, jurnalistlərdən məsələyə bələdlik və yüksək peşəkarlıq tələb etdiyini vurğulayıb. O bildirib ki, mərkəz jurnalistlər üçün multikultural mövzularda necə yazmağı öyrədən təlimlər təşkil etməyi planlaşdırır.

A. Bəşirli Bakı Slavyan Universitetində Azərbaycan Multikulturalizmi kafedrasının yaradılmasını diqqətə çatdıraraq, bu kafedranın Azərbaycan və dünya multikulturalizminin akademik müstəvidə öyrənilməsi və multikulturalizmin bir fənn kimi tədrisinin təşkilində lazımlı qurum olduğunu qeyd edib.

Virtual masanın Azərbaycan, rus, ingilis dillərində çıxmış broşuru iştirakçılara paylanılıb və BBC-nin kitabxanasına verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR