MTRŞ Səhiyyə Nazirliyindən reseptsiz satılan dərmanların tam siyahısını tələb edir

MTRŞ Səhiyyə Nazirliyindən reseptsiz satılan dərmanların tam siyahısını tələb edir
# 12 mart 2013 12:51 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Milli Televiziya və Radio Şurası (MTRŞ) Səhiyyə Nazirliyindən reseptsiz satılan dərmanların tam siyahısını tələb edir.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA-ya açıqlamasında deyib ki, bir müddət əvvəl Səhiyyə Nazirliyi tərəfindən 4 firmanın 11 dərmanının siyahısı MTRŞ-ya göndərilib: “Lakin reseptsiz satılan dərmanların sayı həddən artıq çox, təxminən 4 minə yaxındır. Biz hər hansı reklamın yayımını dayandırsaq, həmin adam da gedib məhkəmə vasitəsilə o dərmanın adının reseptsiz dərmanlar siyahısında olduğunu sübut edəcəksə, onda neyləyə bilərik? Ona görə də Səhiyyə Nazirliyi reseptsiz dərmanların tam siyahısını göndərməli, bu məsələdə bir az operativ işləməlidir”.

Şura sədri deyib ki, “Reklam haqqında” qanunda dəyişiklik bu gün ölkə prezidenti tərəfindən təsdiqlənib: “Qanuna uyğun olaraq Səhiyyə Nazirliyi reseptsiz satılan dərmanların və reklamına icazə verilən özəl klinikaların siyahısını göndərməlidir. Bu siyahıya uyğun olaraq MTRŞ monitorinqlərini davam etdirəcək”.

N.Məhərrəmli deyib ki, qanuna əsasən, özəl klinikaların reklamı müvafiq qurumun rəyi əsasında yayımlanır. Bunun üçün özəl klinikalar Səhiyyə Nazirliyindən rəy almalıdırlar: “Bu gündən tapşırıq verəcəyəm ki, kanallar hamısı bununla əlaqədar məlumatlandırılsın. Çünki bəzən telekanallar öncədən özəl klinikalarla uzun müddətli reklam bağlayırlar. Təbii ki, bu müqavilələrin pozulması kanallar üçün ziyana səbəb ola bilər. Ona görə də bu məsələlər hamısı yoluna qoyulmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR