Rəsul Cəfərovla bağlı Ali Məhkəməyə müraciət edilib

Rəsul Cəfərovla bağlı Ali Məhkəməyə müraciət edilib
# 26 oktyabr 2015 14:23 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İnsan Haqları Klubunun sədri Rəsul Cəfərovun barəsində olan məhkəmə qərarından kassasiya şikayəti verilib.

Bu barədə APA-ya məlumat verən vəkil Fariz Namazlı şikayətin məhkəməyə təqdim olunduğunu deyib. Kassasiya şikayətində R. Cəfərovun barəsində olan cinayət işinə xitam verilməsi istənilib.

Qeyd edək ki, İnsan Haqları Klubunun sədri R. Cəfərov ötən il avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Prosesdə Rəsul Cəfərovun ittiham olunduğu Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsi üzrə cinayət tərkibinə xitam verilib. Onun cəzasından 3 ay çıxılıb və barəsində 6 il 3 ay müddətinə həbs cəzası saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR