Azərbaycan prezidenti: “Qarabağ problemi ədalətli həll olunmazsa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər”

Azərbaycan prezidenti: “Qarabağ problemi ədalətli həll olunmazsa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər”
# 23 iyul 2014 14:05 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, H. Salberi Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsində fəaliyyətə başlaması münasibətilə təbrik edən Azərbaycan prezident onun bu səfərinin regiondakı vəziyyətlə yaxından tanış olmaq üçün yaxşı fürsət yaradacağına əminliyini ifadə edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə nizamlanmasına tərəfdardır, qeyri-konstruktiv mövqe nümayiş etdirən Ermənistan isə nə beynəlxalq hüquqa, nə də həmsədr ölkələrin rəhbərlərinin bəyanatlarına məhəl qoyur.

Münaqişə nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin hələ də işğal altında olduğunu vurğulayan prezident İlham Əliyev qeyd edib ki, əgər problem beynəlxalq hüquq çərçivəsində, ədalətli həll olunmazsa, regionda vəziyyət daha da mürəkkəbləşə bilər.

Regiona müxtəlif vaxtlarda bir neçə dəfə səfər etdiyini vurğulayan H. Salber mövcud vəziyyətlə tanış olduğunu deyib. O, təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığı genişləndirərək regiondakı münaqişələrin həllinə öz töhfəsini vermək niyyətində olduğunu vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR