Biləsuvarda sahibkarlara 1,8 mln. manatdan çox güzəştli kredit verilib

Biləsuvarda sahibkarlara 1,8 mln. manatdan çox güzəştli kredit verilib
# 04 oktyabr 2012 12:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda Biləsuvar rayonunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə 80-ə yaxın sahibkar iştirak edib. Tədbir çərçivəsində Biləsuvar rayonunun iqtisadi potensialına uyğun olaraq güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir meyvə emalı müəssisəsinin, heyvandarlıq kompleksinin, üzümçülük, bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev, nazirliyin Aran regional bölməsinin müdiri Elbrus Hüseynov sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri və həyata keçirilən tədbirlər, Aran iqtisadi rayonunda dövlət proqramları çərçivəsində görülmüş və həyata keçiriləcək layihələr barədə məlumat veriblər.

Öz növbəsində SKMF-ın icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövründə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2 050-yə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 173,8 mln. manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına 7 500-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur: «Cari ilin əvvəlindən Aran iqtisadi rayonunda 870-dən çox sahibkara 55,1 mln. manat, ümumilikdə isə indiyədək 5 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 240 mln. manatadək güzəştli kredit verilib. Güzəştli kreditlər hesabına maliyyələşdirilmiş müəssisələrdən 46-sı istifadəyə verilib, 17 müəssisənin isə bu il istifadəyə verilməsi nəzərdə tutulub».

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Biləsuvar və ətraf rayonlarda fəaliyyət göstərən 45 sahibkarlıq subyektinə 1,8 mln. manatdan çox güzəştli kredit verilib ki, bu layihələrin reallaşması 120-yə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR