Kür və Araz transsərhəd çaylarında keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb

Kür və Araz transsərhəd çaylarında keçirilən növbəti monitorinqin nəticələri açıqlanıb
# 31 iyul 2012 14:33 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə növbəti monitorinqlər həyata keçirib. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, iyul ayının III ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının II ongünlüyünə nisbətən 58.8 kubmetr/saniyə azalaraq 97.2 kubmetr/saniyə təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib. Şıxlı-2 məntəqəsində fenollar 3, mis birləşmələri 2, Ağstafaçayda fenollar 4, mis birləşmələri 3, Ağstafaçay su anbarında isə fenollar 4, mis birləşmələri yol verilən həddən 2 dəfə çox olub.

Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan fenollar 3, mis birləşmələri 2, I Şahsevəndə fenollar 2, mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə fenollar 2, mis birləşmələri isə 4 dəfə yol verilən həddi keçib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR