Rusiyada yanacağın pərakəndə qiymətlərinin bahalaşması davam edəcək

Rusiyada yanacağın pərakəndə qiymətlərinin bahalaşması davam edəcək
# 09 may 2012 11:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyada yanacağın pərakəndə qiymətlərinin artması yaxın gələcəkdə davam edəcək. «APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyinin istehlakçı bazarlarına dair hazırladığı hesabatda bildirilir.

Hesabatda qeyd olunub ki, ölkədə benzinin və dizelin qiymətinin ciddi artımı hələ cari ilin mart ayında – prezident seçkilərindən sonra qeydə alınıb. Aprel ayında isə Rusiya hökuməti ilə neft şirkətləri arasında qiymətlərin «dondurulması» barədə əldə olunmuş qeyri-rəsmi razılaşmanın vaxtı bitib. Hazırda Rusiyada hər şənbə və bazar günləri 1 litr benzinin qiyməti 10-15 qəpik artır. Lakin yaxın gələcəkdə qiymətin hər gün artacağı istisna olunmur.

Artıq may-iyun aylarında Rusiyada yanacağın qiymətinin sürətlə artması proqnozlaşdırılır. Bu da neft şirkətlərinin 2012-ci ilin ilk yarısında zərərlərini kompensasiya etməsi ilə əlaqələndirilir.

«Biz öz hesabAtlarımızda mənfəətin azalmasını bizi yanacağı aşağı qiymətlə satmasına məcbur etmələri ilə izah edə bilmərik», - deyə Rusiyanın neft şirkətlərinin birindən qeyd ediblər.

Analitiklərin fikrincə, yaxın iki ay ərzində Rusiyada yanacağın qiyməti 5-6% artacaq. Lakin bu optimist proqnozdur. Belə ki, yanacaqdoldurma məntəqələrində Ai-95 benzininin real qiyməti 5%-dən çox artıb. Dizel yanacağının pərakəndə qiyməti isə bundan da çox artıb və nəticədə bəzi yanacaqdoldurma məntəqələrində benzinin qiymətini ötüb keçib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR