Böyük Britaniyanın Mançester şəhərində Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı aksiyası keçirilib

Böyük Britaniyanın Mançester şəhərində Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı  aksiyası keçirilib
# 28 fevral 2012 02:40 (UTC +04:00)
Bakı-APA. Böyük Britaniyanın Mançester şəhərində Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı aksiyası keçirilib.
Mançester Azərbaycan Cəmiyyətinin vitse-prezidenti Ziya Qafarlının APA-ya verdiyi xəbərə görə, aksiya Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə Mançester Azərbaycan Cəmiyyəti tərəfindən təşkil olunub. Mançesterdə təhsil alan azərbaycanlı tələbələr tərəfindən qurulmuş Mançester Azərbaycan Cəmiyyəti artıq 2 ildir ki, Azərbaycanın tanıdılması üçün müxtəlif tədbirlər keçirir. Bu il də istisna olmayıb və Xocalı qurbanları faciənin 20-ci ildönümü 40-a yaxın insanın iştirakı ilə keçirilmiş aksiyada anılıb. Aksiyada azərbaycanlı tələbələrlə yanaşı türkiyəli və qazaxıstanlı tələbələr də fəal iştirak ediblər. Aksiya Mançester Universitetinin əsas binasının yaxınlığındakı meydanda (University Place) başlayıb. Orada aksiya iştirakçıları bir neçə saat ərzində “Xocalıya Ədalət –Qarabağa Azadlıq”, “Erməni aqressiyasına son”, “Bir daha soyqırımlar yaşanmasın”, “Daha uşaqlar öldürülməsin” kimi şüarlar səsləndiriblər. Aksiya Mançester Universitetin müəllim və tələbə heyəti tərəfindən çox böyük maraqla qarşılanıb və azərbaycanlı tələbələr əvvəlcədən Mançester Azərbaycan Cəmiyyəti tərəfindən Xocalı faciəsi haqqında hazırlanmış bukletlər təqdim edərək, onlara Xocalı və Qarabağ münaqişəsi haqqında ətraflı məlumat veriblər. Daha sonra aksiya iştirakçıları Mançester Universitetindən şəhər mərkəzinə, ordan da Mançester şəhərinin bələdiyyə binasının önündəki meydana yürüş ediblər. Yürüş boyunca ətrafdakı insanlara Xocalı faciəsi haqqında bukletlər paylanılıb və yürüşün məqsədi haqqında məlumat verilib. Bələdiyyə binasının önünə Xocalı faciəsini əks etdirən plakatlar və qərənfillər düzülüb. Aksiyanın sonunda Xocalı faciəsi və Qarabağ münaqişəsi haqqında məlumatları özündə cəmləşdirən bukletlər Mançester şəhərinin meri Riçard Liseyə təqdim olunması üçün bələdiyyəyə verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR