Beynəlxalq Gənc Demokratlar İttifaqının İdarə Heyətinin Beyrutda keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul olunub

Beynəlxalq Gənc Demokratlar İttifaqının İdarə Heyətinin Beyrutda keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul olunub
# 14 aprel 2012 09:05 (UTC +04:00)
Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, qətnamədə Dağlıq Qarabağ münaqişəsinin 20 ildən çoxdur həll olunmadığı bildirilir. Sənəddə münaqişənin xronologiyası geniş şəkildə əks olunub və problemin həlli üçün təkliflər irəli sürülüb.

Qətnamədə bildirilir ki, ötən əsrin 80-ci illərin sonlarından başlayaraq SSRİ-nin dağılması ilə təhlükəsizlik yox olub, münaqişə və zorakılıqlar meydana çıxıb, Cənubi Qafqazda həm Ermənistandan, həm də Azərbaycandan insanlar qaçqın düşüb: “Bütün azərbaycanlılar Ermənistandan zorla çıxarıldığı bir vaxtda, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər bölgəyə iddia etdilər və sərhədi keçərək Dağlıq Qarabağı və ətrafdakı digər yeddi Azərbaycan rayonunu işğal etmiş qoşunlar tərəfindən dəstəkləndilər. Qanlı döyüşlər nəticəsində bütün azərbaycanlılar Azərbaycan ərazisinin təxminən 15-20 faizini təşkil edən bu bölgələrdən çıxarıldılar. Döyüşlərdə təxminən 25 000 adam həlak oldu, bir milyona yaxın adam ev-eşiyini itirdi və qaçqına çevrildi.

1993-cü ildə qızğın döyüşlər getdiyi bir vaxtda, BMT Təhlükəsizlik Şurası 822, 853, 874 və 884 saylı dörd qətnamə qəbul etdi. Qətnamələrin hamısı beynəlxalq sərhədlərin toxunulmazlığını, ərazi mənimsəmək üçün güc tətbiq etmənin yolverilməz olduğunu təsdiqlədi və işğalçı qoşunların dərhal çıxarılmasını tələb etdi. Bu qətnamələr BMT Nizamnaməsinin 2-ci maddəsinə uyğun olaraq qəbul edilib.

2005-ci il yanvarın 25-də Avropa Şurasının Parlament Assembleyası 1416 saylı qətnamə qəbul etdi və hər iki ölkəni BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə, hər hansı silahlı düşmənçilik aktından çəkinməyə və hərbi qüvvələri işğal edilmiş ərazilərdən çıxarmağa çağırıb.

2010-cu il mayın 20-da Avropa Parlamenti Cənubi Qafqazla bağlı strategiyaya dair qətnamə qəbul edib. Bu qətnamədə Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması tələb olunur.

Bu altı qətnamədə bəyan edilən şərtlərə məhəl qoyulmur və bölgələr hələ də işğal altındadır. Beynəlxalq hüquqa görə, Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycan Respublikasının bir hissəsidir; beynəlxalq birlik ayrılma cəhdini pisləyir və onu qanunsuz hesab edir.

Status-kvo dondurulmuş münaqişə kimi xarakterizə olunur və ATƏT-in Minsk Qrupu 20 ildir ki, vasitəçilik edir. Faktiki olaraq, cəbhə xəttində mütəmadi olaraq atışma baş verir, hər iki tərəfdə əsgərlər və mülki insanlar həlak olur; 2011-ci ilin martında doqquz yaşlı azərbaycanlı oğlan işğal edilmiş ərazilərdən atılan snayper gülləsi ilə qətlə yetirildi. Minsk Qrupunun status-kvo-nu dəyişmək üçün göstərdiyi səylər hələ də nəticə verməyib, sülh imkanları çox uzaq görünür, hər iki tərəf hərbi xərcləri artırır.

İşğal olunmuş ərazilərdə böyük dağıntılar var, bərpa işləri cüzidir, mövcud gərginlik iqtisadi və sosial inkişafa mane olur. Xəzər dənizi həyati əhəmiyyət kəsb edən enerji mənbəyidir, xüsusilə də neft və qaz mənbələrinin diversifikasiyası yolu ilə enerji təhlükəsizliyini təmin etməyə çalışan Avropa üçün. Bölgədə gərginliyin artması Azərbaycandan enerji təchizatını da təhlükə altında qoyur.

20 il münaqişə üçün çox uzun bir zamandır. Bu müddət ərzində nəsillər yurd-yuvalarına dönmək hüququndan məhrum olunub, iqtisadi tərəqqiyə və çiçəklənməyə maneələr yaranıb, beynəlxalq hüquq pozulub. Münaqişənin həlli strategiyasını yeniləməyin və möhkəmləndirməyin, bir milyondan çox qaçqının hüquqlarını bərpa etməyin, regionun iqtisadi potensialını tam reallaşdırmağın və beynəlxalq hüququn yenidən təsdiqinin vaxtı çatıb”.

Qətnamə müəllifləri münaqişə tərəflərini dinc və konstruktiv yanaşma ilə danışıqları dalandan çıxarmağa, status quo-nu dəyişməyə və xalqlar arasında etibar və əməkdaşlığı inkişaf etdirməyə çağırıblar: “Biz BMT, Avropa Birliyi və Avropa Şurasını Dağlıq Qarabağ və yeddi ətraf rayon ətrafında münaqişənin sülh yolu ilə, beynəlxalq hüquqa əsasən həlli və qəbul etdikləri qətnamələrin yerinə yetirilməsi üçün səylərini gücləndirməyə çağırırıq. Biz Avropa Birliyini Minsk Qrupunda Fransanı əvəz etməklə münaqişənin həllində birbaşa rol oynamağa və status quo-dan mərhələli şəkildə çıxmağa yardım etməyə çağırırıq. Avropa Birliyi həmçinin Şərq Tərəfdaşlığı, Avronest çərçivəsində Ermənistan və Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlıq üçün imkan yaratmalıdır. Biz BMT Təhlükəsizlik Şurasını bir daha mövqeyini nəzərdən keçirməyə və beynəlxalq hüququn qorunmasında liderliyini göstərməyə çağırırıq”.

Qeyd edək ki, dünyanın 80-dən artıq ölkəsindən 127 təşkilat Beynəlxalq Gənc Demokratlar İttifaqının üzvüdür.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR