Londonda XXX Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü” keçirilib

Londonda XXX Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü” keçirilib
# 29 iyul 2012 14:35 (UTC +04:00)
Bakı – APA. İyulun 28-də Londonda XXX Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü” keçirilib. APA-nın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.

Dövlət başçısı mərasimdə çıxış edib.

Azərbaycanın müstəqil ölkə kimi artıq beşinci dəfədir, Yay Olimpiya Oyunlarında iştirak etdiyini deyən prezident hər dəfə irəliyə doğru addımlar atıldığını vurğulayıb: “Qazandığımız birinci medal 1996-cı ildə Atlantada oldu. Həmin vaxt bizim komanda yalnız bir medal qazana bildi. Sonra 2000-ci ildə Sidneydə üç, 2004-cü ildə Afinada beş, 2008-ci ildə isə Pekində yeddi medal qazanıldı. Əlbəttə, biz hamımız istəyirik ki, bu ənənə davam etsin. Hamımız ümid edirik ki, idmançılarımız ölkəmizi layiqincə təmsil edəcəklər və yarışlar zamanı bayrağımız qaldırılacaq. Fürsətdən istifadə edərək dünyanın bütün atletlərinə uğurlar və xoşbəxtlik arzulayıram.

Azərbaycan zəngin tarix, böyük adət-ənənələr ölkəsidir. Lakin müstəqil ölkə kimi biz dünyanın siyasi xəritəsində yalnız 20 ildir ki, mövcuduq. Bu illər dəyişikliklər, islahatlar dövrü olub. Bu illər göstərir ki, Azərbaycan müstəqil ölkə kimi uğurla inkişaf edir. Əldə etdiyimiz nailiyyətlər məhz xalqımızın istedadı sayəsində mümkün olub. İyirmi il öncə bizim öz dövlətimiz yox idi, demokratik təsisatlarımız, bazar iqtisadiyyatı mövcud deyildi. Bu gün Azərbaycan regionda möhkəm mövqelərə malik olan ölkədir, dövlətçiliyimiz çox güclüdür. Biz demokratik islahatlara, bazar iqtisadiyyatına sadiqik. İyirmi il ərzində əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi oldu. Dünyanın ən ali beynəlxalq təşkilatı hazırda bizim iştirakımızla fəaliyyət göstərir. Namizədliyimizə səs verən 155 ölkə sözün əsl mənasında göstərdi ki, bu 20 ildə biz dünyanın diqqətini cəlb edə bildik, bir çox ölkələrlə dostluq və qarşılıqlı etimad münasibətləri qurduq”.

Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycana hörmətlə yanaşırlar və ölkəmiz nəinki regionda, o cümlədən dünyanın qlobal işlərində öz rolunu oynayır: “Biz çox böyük iqtisadi dəyişikliklərə nail olduq və iqtisadiyyatımız dünyada ən sürətlə artan iqtisadiyyatdır. Bizim iqtisadiyyatımız görünməyən dərəcədə artım tempi nümayiş etdirdi və son səkkiz ildə üç dəfə artdı. Ölkəmizdə dəyişikliklərin edilməsi, güclü iqtisadiyyatın qurulması üçün bir çox səylər göstərildi. Ölkəmiz sabitdir, xalqımızın güzəranı yaxşıdır. Eyni zamanda, Azərbaycan bütün dinlərin və millətlərin nümayəndələrinin sülh şəraitində birgə yaşamasının nümunəsi ilə tanınır. Təsadüfi deyil ki, ölkəmizdə sülh və əməkdaşlıq işinə xidmət edən çoxsaylı beynəlxalq tədbirlər keçirilir.

Biz, həmçinin ölkəmizdə idmanın inkişafına və Olimpiya hərəkatına böyük diqqət yetiririk. Müasir idman infrastrukturunun yaradılmasına çoxlu sərmayələr yatırılır. Son 12 ildə bütün ölkə üzrə 34 Olimpiya mərkəzi tikilib istifadəyə verilib və bu proses davam edir. Bu il Azərbaycanda “İdman ili” elan edilib. Bu, həmçinin Azərbaycanda idmanın inkişafına və Olimpiya hərəkatına göstərilən diqqəti bir daha nümayiş etdirir. Biz tarixdə bu oyunlarda 53 atletdən ibarət ən böyük komanda ilə iştirak etməkdən fərəhlənirik. Bu, həm də onu göstərir ki, idmana qoyulan sərmayə və idmanın, Olimpiya hərəkatının təşviq edilməsinə yönələn dövlət siyasəti yaxşı nəticələr verir.
Əminəm ki, biz bu oyunlarda uğurla iştirak edəcəyik. Bu yarışlar özümüzü təqdim etmək üçün daha bir fürsətə çevriləcək.

Bu gün nailiyyətlərimizə həsr olunan kiçik təqdimat - bəzi fotoşəkillər, ölkəmizin inkişafı ilə bağlı videotəqdimat olacaq. Əminəm ki, bu tədbirdə iştirak edən insanların əksəriyyəti artıq Azərbaycanda olub. Qonaqlarımız arasında Azərbaycanda olmayanları isə ölkəmizə səfərə dəvət edirəm.

Onu da bildirmək istəyirəm ki, idman və Olimpiya hərəkatı mənim həyatımın bir hissəsidir. Böyük fərəh hissi ilə qeyd edirəm ki, artıq 15 ildir mən Olimpiya ailəsinin üzvüyəm. On beş il əvvəl mən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildim. Ondan altı il sonra isə ölkə prezidenti seçildim. Buna görə də adətən deyirəm ki, mən idmanı və Olimpiya hərəkatını ölkə rəhbərliyi səviyyəsində təmsil edirəm. Bu illər uğur, dəyişiklik, inkişaf, işə sadiqlik illəri oldu. Bu gün Azərbaycanda idmançı olmağın böyük mənası var. İdmanın inkişafı və idmançılara qayğının göstərilməsi ilə bağlı dövlət siyasətimiz mövcuddur. Biz müasir idman infrastrukturuna böyük sərmayələr qoymuşuq. Bu gün Azərbaycanda çoxlu beynəlxalq idman tədbirləri, o cümlədən Avropa və dünya çempionatları keçirilir. Əminəm ki, gələcəkdə Azərbaycanda qonaqlarımızın, o cümlədən atletlərin və turistlərin sayı çox olacaq, bununla da biz dostluğumuzu və əməkdaşlığımızı davam etdirəcəyik.

Olimpiya oyunları nadir beynəlxalq hadisədir. Bu zaman bütün dünyadan gələn insanlar görüşürlər, atletlər öz aralarında ədalətli şəkildə, tərəfdaşlıq ruhunda yarışırlar, rəqabət yalnız idman arenası ilə yekunlaşır. Bu, idmanla siyasət arasında ən böyük fərqdir.
Biz oyunlarda iştirak etməkdən çox fərəhlənirik. Mən bir daha bütün komandaların idmançılarına uğurlar, dünya xalqlarına xoşbəxtlik və çiçəklənmə arzulayıram”.

Tədbirin keçirildiyi zal Azərbaycanın mədəniyyətini, idman tarixini özündə əks etdirən fotostendlərlə bəzədilib. Azərbaycanda idmanın inkişafına dövlət səviyyəsində göstərilən qayğı iri monitorlarda ön plana çıxarılıb. Bununla yanaşı, dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmançılarla görüşlərindən, ölkədə olimpiya idman komplekslərinin açılış mərasimlərindən hazırlanan videogörüntülər də nümayiş etdirilib.

“Azərbaycan günü”nə dəvət olunan rəsmi şəxslər, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri prezident İlham Əliyevlə söhbətlərində bir daha Azərbaycanda idmana və Olimpiya hərəkatına göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər. Onlar bu sahənin inkişafının dövlət siyasətinin mühüm prioritetlərindən biri elan edilməsinin təqdirəlayiq hal olduğunu söyləyiblər. Bildirilib ki, getdikcə güclənən və iqtisadi cəhətdən inkişaf edən Azərbaycanın bu sahədə uğurlarını artırması ölkənin dünyada idman məkanı kimi tanınmasına geniş imkanlar açır.

Tədbirin gedişində prezident İlham Əliyev XXX Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarımızla görüşüb, onlara xeyir-dua verib, uğurlar və qələbə əzmi arzulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR