BVF: İqtisadi böhrandan çıxış ABŞ iqtisadiyyatından başlanacaq

BVF: İqtisadi böhrandan çıxış ABŞ iqtisadiyyatından başlanacaq
# 20 aprel 2009 07:51 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Dünya iqtisadiyyatı üzləşdiyi resessiyadan 2010-cu ilin ilk yarısında yalnız aparıcı banklar problemli aktivlərdən azad olunacağı təqdirdə çıxa biləcək. Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Dominik Stross-Kan bəyan edib.

«APA-Economics»in məlumatına görə, BVF başçısı bank balanslarının təmizlənməsi zərurətini vurğulayaraq qeyd edib ki, ilk növbədə dirçəlmə ABŞ iqtisadiyyatında müşahidə olunmalıdır. Stross-Kann hesab edir ki, bank aktivlərinin sağlamlaşdırılması iki üsulla – həm milliləşdirmə, həm də «pis bank»ların ayrılması və müflis elan olunması yolu ilə aparıla bilər. ABŞ və Britaniya iqtisadiyyatının ağır vəziyyətə düşdüyünü etiraf edən Fond rəhbəri bu ölkələrin maliyyə yardımı üçün BFV-yə müraciət edəcəyini istisna edib. Onun fikrincə, bu hala gətirə biləcək hadisələri və şəraitin pisləşməsini hələ ki, təsəvvür etmək çətindir.

Qeyd edək ki, ötən həftə BVF dünya iqtisadiyyatı üzrə proqnozlarını sərtləşdirərək elan edib ki, cari ildə iqtisadi artım templəri orta hesabla 0,5-1%, 2010-cu ildə isə 1,5-2,5% səviyyəsində ehtimal olunur. Eyni zamanda, Fondun ekspertləri qlobal resessiyanın sonunu 2010-cu ilin ilk yarısında başa çatacağına ümid edirlər. Yaxın günlərdə isə Fond tərəfindən ölkə iqtisadiyyatları üzrə konkret proqnozların dərc olunması gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR