Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib

Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
# 08 may 2009 15:15 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Mətbuat Şurası (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Şuradan APA-ya verilən məlumata görə, MŞ sədrinin müavini Umud Rəhimoğlunun rəhbərlik etdiyi komissiyasının üzvləri quruma daxil olan müraciətləri araşdıraraq müvafiq rəylər çıxarıblar. Əvvəlcə millət vəkili Gülər Əhmədovanın «Azadlıq» qəzetinin 29 aprel 2009-cu il tarixli sayında gedən «Vitse-spikerlə deputat dalaşdı» sərlövhəli yazıda Milli Məclisin iclasında «gül bayramı» ilə bağlı səsləndirdiyi fikirlərin təhrif olunması ilə əlaqədar şikayətə baxılıb. Qəzetin redaktoru Rövşən Hacıbəyli qarşı tərəfin iradını qəbul edərək mətndə narahılıq doğuran «mənasız» sözünün həqiqətən millət vəkilinə deyil, yazı müəllifinə aid olduğunu təsdiqləyib. Komissiya müvafiq materialları nəzərdən keçirərək rəyə gəlib ki, jurnalist əslində öz mövqeyini ortaya qoymaqla G.Əhmədovanın adından yanlış fikir təqdim edib, nəticədə «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın tələblərinə sayğısızlıq göstərilib. Komissiya rəyə gəlib ki, məsələyə aydınlıq gətirilməsi üçün qəzet şikayətçinin tələbinə uyğun olaraq millət vəkilinin iclasdakı çıxışının stenoqram mətnini verməli, qarşı tərəfdən üzr istəməlidir.

Millət vəkili Qənirə Paşayevanın «Xural» qəzeti ilə bağlı müraciətinə baxılması isə şikayətçi və cavabdeh tərəf iclasa qatılmadığından gündəlikdən çıxarılıb.

İclasda «Mühakimə» qəzetinin son sayında şair və jurnalist Zakir Fəxri barədə gedən yazıya da münasibət bildirilib: “Qeyd olunub ki, nəşr öz ənənəsinə uyğun olaraq yenə tənqidlə təhqirin sərhədlərini gözləməyib, haqqında yazdığı şəxsə münasibətdə qərəz və hiddət nümayiş etdirib. Bu da qəzet barədə ciddi ölçü götürülməsini şərtləndirir. Məsələ ilə bağlı son qərar Şuranın İdarə Heyətində çıxarılacaq”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR