«Azərpoçt»un strukturunda islahatlar aparılır

«Azərpoçt»un strukturunda islahatlar aparılır
# 20 may 2009 12:37 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsi yaxın vaxtlarda Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin yaradılması layihəsi çərçivəsində hesab açmadan pul köçürmələri və agent xidmətləri üzrə modulları istifadəyə verəcək. Bununla da əksər poçt şöbələri sistemdə əməliyyat aparmaq imkanı əldə edəcək.

«Azərpoçt»dan «APA-Economics»ə verilən məlumata görə, hazırda üçüncü mərhələ çərçivəsində nəzərdə tutulan poçt xidmətləri və beynəlxalq poçt pul köçürmələri modullarının qurulması işləri aparılır.

Qeyd edək ki, layihə çərçivəsində artıq ödənişlərin qəbulu, baş mühasibat kitabı və sistemin nüvəsi müvafiq modullarının qurulması prosesi tamamlanaraq istifadəyə verilib və Bakı şəhərində yerləşən poçt filiallarının mərkəzi aparatları, eyni zamanda onların mühasibatlığı yeni sistemə keçirilib.

Bununla yanaşı, «Azərpoçt»un mərkəzi ofisində FACP şirkətinin məsləhətçiləri tərəfindən hazırlanmış bazar yönümlü yeni struktur tətbiq edilib. Bakı şəhərində yerləşən filiallarda və regionlarda yerləşən poçt filiallarında struktur islahatı tamamlanıb. Hazırda poçt şöbələrində struktur islahatlarının aparılması ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində yaradılan xüsusi qrup tərəfindən poçt şöbələrinin iş həcminin qiymətləndirilməsi həyata keçirilir.

Yaxın vaxtlarda qanunvericiliyə uyğun olaraq işçilərin mövcud sayının müəyyən olunmuş ştat vahidlərinə uyğunlaşdırılması üçün yerlərdə kadrların qiymətləndirilməsi nəzərdə tutulub. Qeyd edilən işlər başa çatdıqda «Azərpoçt» DM-nin strukturunun bank-maliyyə xidmətləri göstərən qurumların strukturuna uyğunlaşdırılması prosesi tam bitmiş hesab olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR