İstanbulun tarixi meydanı qana bulandı - REPORTAJ

İstanbulun tarixi meydanı qana bulandı - <span style="color: red;">REPORTAJ
# 12 yanvar 2016 16:10 (UTC +04:00)

Mayis Əlizadə. İstanbul – APA. Yanvarın 12-də yerli vaxtla saat 10:15-də İstanbulun tarixi Sultanəhməd meydanındakı Alman çeşməsinin arxa tərəfində terrorçu kamikadzenin özünü partlatması nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

APA-nın Türkiyə müxbirinin hadisə yerində təhlükəsizlik qüvvələrindən əldə etdiyi məlumata görə, terror hadisəsində Almaniyadan gəlmiş turist qrupu hədəfə alınıb. 20 nəfərlik qrupun İstanbula gəldikdən sonra terrorçular tərəfindən izlənildiyi güman olunur. Sultanəhməd tramvay stansiyasındakı “Hilal” bufetinin işçisi Xəlil İbrahim Pəltək APA-ya açıqlamasında saat 10.15-də şiddətli partlayış baş verdiyini bildirib: “Üç dəqiqədə polislər hadisə yerini mühasirəyə aldılar, təcili yardım maşınları yaralıları xəstəxanalara daşımağa başladılar. Mən o anda ölü və yaralı sayını müəyyənləşdirə bilməzdim, sonradan öyrəndim ki, 10 nəfər ölüb, 15 nəfər isə yaralanıb. Bu hadisə bölgəyə turistlərin gəlişində azalmaya səbəb olacaq və işlərimizə mənfi təsir edəcək. Burada belə bir terror hadisəsi olacağını gözləmirdik, ancaq terrorun nə vaxt və harada bizi vuracağını bilməyimiz mümkün deyil”.

Məhkəmə qərarı ilə Sultanəhməd meydanında baş vermiş terror aksiyası ilə bağlı yerli mediaya yayım qadağası qoyulub. Xarici mediaya yayım yasağı qoyulmadığına görə hadisə yerində olan çoxlu sayda əcnəbi media mənsubu hadisənin təfərrüatlarını canlı yayımda işıqlandırmağa çalışır. Terror aksiyasının baş verdiyi bölgə polis tərəfindən tam mühasirəyə alınıb. İki polis əməkdaşı Alman çeşməsinin önündəki dirəyin üstündə yerləşdirilmiş təhlükəsizlik kamerasının qeydlərini yerində analiz edir. Əcnəbi turistlərin ən çox getdiyi yer olan Sultanəhməd meydanı və ətrafına terror aksiyasından sonra yerli sakinlərin və turistlərin yaxınlaşmadığı müşahidə edilir. Bölgədən keçən tramvaylar isə qrafikə uyğun şəkildə çalışmaqdadır.

Təhlükəsizlik mənbələrindən bildirilib ki, hadisə yerində dəlil toplayan mütəxəssislərin öz işlərini tamamlamasından sonra bölgə daha bir müddət qapalı zona olacaq və oraya heç kim buraxılmayacaq.

Sultanəhməddəki terror aksiyasını APA-ya şərh edən Türkiyənin tanınmış terror və təhlükəsizlik mütəxəssisi, “Milliyet” qəzetinin köşə yazarı, NTV telekanalının şərhçisi Nihat Əli Özcan bildirib ki, bu, Türkiyə üçün sürpriz bir hadisə deyil: “Çünki Türkiyənin istər daxilində, istərsə də xaricində cərəyan edən proseslər ölkəmizdə terror hadisələri həyata keçirilməsinə zəmin hazırlayır. Bugünkü hadisəni İŞİD törədib. Bu, onu göstərir ki, Türkiyə bundan sonra müxtəlif terror təşkilatlarına qarşı mübarizədə son dərəcə diqqətli taktika və strategiyalar hazırlamalıdır”.

APA-nın “Bugünkü hadisəni İŞİD-in törətdiyini deyirsiniz. Belə çıxır ki, keçən il 20 iyulda Suruçda başlayan terror aksiyaları zənciri Ankaradan sonra İstanbula qədər gəldi” - sualına N. Ə. Özcan belə cavab verib: “Kobanidə İŞİD-lə PKK savaşdıqdan sonra İŞİD Türkiyəyə qarşı “səssizlik siyasəti” həyata keçirirdi. Daha sonra Türkiyə ölkəmizdəki İŞİD hücrələrini hədəf aldı, xeyli lideri həbs etdi. İŞİD isə bunun intiqamını həm əcnəbiləri hədəf alaraq, həm də turist bölgələrində terror aksiyaları həyata keçirərək almağa çalışır. Burada almanların hədəf seçilməsi də təsadüfi deyil. Sultanəhməd Türkiyə turizminin qəlbi olan bir yerdir, terror aksiyasının o bölgədə həyata keçirilməsi düşündürücüdür. Ona görə də Türkiyə terrora qarşı bundan sonrakı mübarizəsində heç bir təfərrüatı nəzərdən qaçırmadan son dərəcə diqqətli davranmaq məcburiyyətindədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR